Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun Rumıniya Prezidentinin xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marius-Qabriel Lazurka ilə görüşündə iki ölkə arasında beynəlxalq nəqliyyat dəhlizləri və tranzit daşımalar, habelə rəqəmsallaşma sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Nazir müavini Samir Məmmədov Orta Dəhlizin inkişafı və Zəngəzur dəhlizinin yaradılması məqsədilə görülən işlər barədə məlumat verib.
Görüşdə Orta Dəhliz marşrutlarının diversifikasiyasının gündəlikdə duran vacib məsələlərdən biri olduğu qeyd edilib. Bu xüsusda “Qara dəniz – Xəzər dənizi” Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılmasını və istismarını nəzərdə tutan Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan hökumətləri arasında Saziş layihəsinin önəminə toxunulub.
