Şəmkir. Trend:
Qazax-Tovuz iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirə keçirilib.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, müşavirə Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.
Şəmkirdə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələr, habelə Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz inzibati rayonları rayonlarından olan fermer və sahibkarlar iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov çıxış edərək bildirib ki, Dövlət Proqramı qarşıdakı dövr üçün aqrar sektorun yeni inkişaf modelini müəyyən edən strateji sənəddir.
"Bu proqram qarşıdakı dövr üçün aqrar sektorun yeni inkişaf modelini müəyyən edən strateji sənəddir və aqrar sahədə məhsul istehsalının artırılması, resurslardan səmərəli istifadə, emal və ixrac imkanlarının genişləndirilməsi, dəyər zəncirlərinin, həmçinin balıqçılıq və akvakultura sahələrinin inkişafının yeni mərhələyə keçirilməsi baxımından mühüm yol xəritəsi kimi çıxış edir. Əsas hədəf, sadəcə istehsal həcmini artırmaq deyil, hər hektardan daha yüksək və keyfiyyətli məhsul əldə etmək, yəni aqrar sahədə ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır", - deyə Natiq Əmirov bildirib.
O, Dövlət Proqramının istiqamətlərini də izah edib.
"Dövlət Proqramı, 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində dayanıqlı inkişafın təmin edilməsini, ərzaq təhlükəsizliyinin gücləndirilməsini, daxili istehsal potensialının, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasını, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur", - Natiq Əmirov qeyd edib.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova çıxışında bildirib ki, Dövlət Proqramıda bir neçə fundamental istiqamət xüsusi olaraq müəyyən edilib.
Nazir müavininin sözlərinə görə, əsas istiqamətlərə intensiv bağ sahələrinin artırılması, buğda məhsuldarlığının yüksəldilməsi, müasir suvarma sahələrinin genişləndirilməsi, aqropark və istixana fəaliyyətinin genişləndirilməsi, kiçik şərabçılıq təsərrüfatlarının formalaşdırılması və intensiv heyvandarlıq təsərrüfatlarının artırılması daxildir.
“Bununla yanaşı, proqram yalnız istehsal istiqamətlərini deyil, həm də dəstəkləyici tədbirləri əhatə edir. Qanunvericilik təşəbbüsləri, institusional islahatlar və rəqəmsallaşma bu proqramın mühüm dayaqlarıdır. “Aqrar sahə haqqında”, “Toxumçuluq haqqında”, “Balıqçılıq haqqında” qanunvericiliyin təkmilləşdirilməsi, subsidiya qaydalarına və kənd təsərrüfatı texnikalarına güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərə dəyişikliklər edilməsi nəzərdə tutulur.
Eyni zamanda aqrar süni intellekt sisteminin genişləndirilməsi, EKTİS-in data yönümlü alt sistemlərinin inkişafı sahənin daha çevik və məlumat əsaslı idarə olunmasına xidmət edəcək.
Bu gün artıq aqrar siyasət yalnız sahədə görülən işlərlə məhdudlaşmır. Bizim qərarlarımız məlumatlara, xəritələrə, elektron sistemlərə, peyk müşahidələrinə, torpaq və su balansına, real məhsuldarlıq göstəricilərinə əsaslanmalıdır. Ona görə də rəqəmsallaşma fermer üçün də, dövlət üçün də vacib alətə çevrilir”.
ADSEA sədrinin müavini İlham Bayramov su ehtiyatlarının səmərəli idarə olunması məsələsinə toxunub.
"Kənd təsərrüfatı sektorunun ölkəmizin ümumi su istehlakının 70–75%-ni təşkil etdiyini nəzərə alsaq, su ehtiyatlarının düzgün idarə olunması həm aqrar inkişafın, həm də iqtisadi dayanıqlığın əsas şərtlərindən biridir. Yeni Dövlət Proqramının əsas hədəflərindən biri yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin təmin edilməsidir. Dövlət Proqramında məhsuldarlığın artırılması, kənd təsərrüfatında gəlirliliyin yüksəldilməsi və kənd əhalisinin rifahının yaxşılaşdırılması məqsədləri müəyyən edilib. Bu istiqamətdə müxtəlif güzəştlər və dövlət dəstəyi mexanizmləri nəzərdə tutulub. Hesab edirəm ki, yerli orqanlar və vəzifəli şəxslər fermerlərin maarifləndirilməsini gücləndirməli, xüsusilə ailə-kəndli təsərrüfatlarının bu imkanlardan faydalanması üçün real dəstək göstərməlidirlər", - deyə o bildirib.
