Bakı. Trend:
Azərbaycanda ümumi təhsil sahəsində dövlət siyasəti millilik və dünyəvilik prinsipləri əsasında həyata keçiriləcək.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Millilik və dünyəvilik - milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi ümumi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipi hesab ediləcək.
Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün geyim formalarının təsvirlərini və təhsilverənlər üçün geyim ilə bağlı tələbləri təsdiq etmək ümumi təhsil sahəsində dövlətin vəzifələri sırasına daxil ediləcək.
Hazırda qüvvədə olan qanuna görə, dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar üçün təsvirləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilir.
Təklif edilən dəyişikliyə əsasən, dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar və təhsilverənlər tərəfindən geyim ilə bağlı tələblərə riayət olunmalıdır. Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Valideynlərin və ya digər qanuni nümayəndələrin ümumi təhsil sahəsində vəzifələri sırasına dövlət ümumi təhsil müəssisəsində (qəyyumluğunda və himayəsində övladları ya olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etmək də daxil ediləcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
