Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası üzrə gəlirlər 450 644 744 manat, xərclər isə 445 629 730 manat məbləğində təsdiqlənib.
Trend-in əldə etdiyi məlumata görə, büdcənin sərbəst qalığı 40 516 533 manat təşkil edib.
Layihəyə əsasən, büdcə gəlirlərinin tərkibində fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 55 938 366 manat, hüquqi şəxslərin mənfəət vergisi üzrə 18 603 449 manat, hüquqi şəxslərin torpaq vergisi üzrə 432 755 manat, əmlak vergisi üzrə 2 724 161 manat olub. Əlavə dəyər vergisindən 76 595 106 manat, sadələşdirilmiş vergidən 4 614 979 manat, aksizlərdən 91 740 926 manat, yol vergisindən 18 348 532 manat, mədən vergisindən isə 1 659 412 manat daxil olub.
Dövlət əmlakının icarəyə verilməsindən 465 863 manat, dövlət mülkiyyətində olan torpaqların icarəsindən 387 168 manat, dövlət rüsumlarından 7 536 438 manat, vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalardan 145 287 manat büdcəyə daxil edilib. Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan dotasiyanın həcmi 160 milyon manat təşkil edib. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən 2 459 674 manat, məqsədli büdcə fondu üzrə daxilolmalardan 961 894 manat, sair daxilolmalardan isə 8 030 734 manat əldə olunub.
Xərclərin istiqamətlərinə gəlincə, ümumi dövlət xidmətlərinə 69 144 069 manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrinə 81 777 387 manat, təhsil sahəsinə 151 711 262 manat, səhiyyəyə 10 806 409 manat, sosial müdafiə və sosial təminata 10 264 373 manat vəsait yönəldilib.
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti sahəsinə 24 078 530 manat, mənzil və kommunal təsərrüfatına 14 006 644 manat, kənd təsərrüfatına 6 695 129 manat, ətraf mühitin mühafizəsinə 11 590 943 manat, iqtisadi fəaliyyətə 31 783 580 manat, əsas bölmələrə aid edilməyən xidmətlərə isə 33 771 404 manat xərclənib.
