Su ehtiyatlarının düzgün idarə olunması dayanıqlığın əsas şərtlərindəndir - İlham Bayramov

Cəmiyyət Materials 19 İyun 2026 12:37 (UTC +04:00)
Su ehtiyatlarının düzgün idarə olunması dayanıqlığın əsas şərtlərindəndir - İlham Bayramov
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şəmkir. Trend:

Kənd təsərrüfatı sektorunun ölkəmizin ümumi su istehlakının 70–75%-ni təşkil etdiyini nəzərə alsaq, su ehtiyatlarının düzgün idarə olunması həm aqrar inkişafın, həm də iqtisadi dayanıqlığın əsas şərtlərindən biridir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu ADSEA sədrinin müavini İlham Bayramov Şəmkirdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı Qazax-Tovuz iqtisadi rayonu üzrə regional müşavirədə deyib.

"Yeni Dövlət Proqramının əsas hədəflərindən biri yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin təmin edilməsidir. Dövlət Proqramında məhsuldarlığın artırılması, kənd təsərrüfatında gəlirliliyin yüksəldilməsi və kənd əhalisinin rifahının yaxşılaşdırılması məqsədləri müəyyən edilib. Bu istiqamətdə müxtəlif güzəştlər və dövlət dəstəyi mexanizmləri nəzərdə tutulub. Hesab edirəm ki, yerli orqanlar və vəzifəli şəxslər fermerlərin maarifləndirilməsini gücləndirməli, xüsusilə ailə-kəndli təsərrüfatlarının bu imkanlardan faydalanması üçün real dəstək göstərməlidirlər", - deyə o bildirib.

İlham Bayramov qeyd edib ki, Qazax-Tovuz iqtisadi rayonu ölkəmizin mühüm aqrar potensiala malik bölgələrindən biridir.

"Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarında üzümçülük, kartofçuluq, taxılçılıq və heyvandarlıq əsas ixtisaslaşma sahələridir. Bu sahələrin dayanıqlı inkişafı üçün etibarlı su təminatı, suvarma şəbəkələrinin işlək vəziyyətdə saxlanılması və su ehtiyatlarından qənaətli istifadə həlledici əhəmiyyət daşıyır.

Regionda və ümumilikdə ölkədə orta illik temperaturun artması, quraqlıq dövrlərinin uzanması, yağıntıların qeyri-bərabər paylanması və su ehtiyatlarına artan təzyiq fonunda son illərdə su ehtiyatlarının qorunması, yeni su mənbələrinin yaradılması, mövcud infrastrukturun yenilənməsi və suvarma sistemlərinin modernləşdirilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Bu layihələr Qazax-Tovuz iqtisadi rayonu da daxil olmaqla ölkənin qərb bölgəsində kənd təsərrüfatının dayanıqlı su təminatının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Son 20 ildə bu sahəyə əhəmiyyətli dövlət vəsaiti yönəldilmiş, ümumi sututumu 557 milyon m³ olan Taxtakörpü, Heydər Əliyev, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları inşa edilib. Eyni zamanda 4,77 min km suvarma kanalı, 3,61 min km kollektor-drenaj şəbəkəsi tikilmiş və bərpa olunub, 1,6 min km boru kəməri çəkilmiş, 3 394 subartezian quyusu qazılmış və 234,7 km uzunluğunda sahil mühafizə tədbirləri həyata keçirilib", - deyə o bildirib.

İlham Bayramov işğaldan azad olunmuş ərazilərdə icra olunan su infrastrukturu layihələri barədə də məlumat verib.

"Ümumi sututumu 26,8 milyon m³ olan Zabuxçay su anbarı tikilib, Suqovuşan, Xaçınçay, Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarları yenidən qurulub. Araz çayı üzərində isə ümumi sututumu 1 662 milyon m³ olan Xudafərin və Qız Qalası su anbarları Su Elektrik Stansiyası ilə birlikdə inşa edilib.

Şəmkir Maşın kanalının tikintisi nəticəsində Şəmkir, Samux, Goranboy və Göygöl rayonlarında ümumilikdə 102 min hektar torpaq sahəsinin su ilə təmin olunması nəzərdə tutulub. Üç növbədən ibarət layihənin I və II mərhələlərinin tikintisi artıq başa çatdırılıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi aidiyyəti qurumlarla birgə su təsərrüfatı obyektlərinin istismar səviyyəsinin yüksəldilməsi istiqamətində də tədbirlər həyata keçirir. Hazırda Qazax-Tovuz iqtisadi rayonu üzrə 123 min 157 hektar suvarılan sahə mövcuddur. Regionun su təsərrüfatı infrastrukturu 3 957 kilometrdən çox suvarma şəbəkəsini, 3 223 hidrotexniki qurğunu, 1 839 subartezian quyusunu və 81 nasos stansiyasını əhatə edir. Cari ildə təxminən 98,6 min kənd təsərrüfatı istehsalçısı suvarma və digər məqsədlər üçün su ilə təmin olunub və hazırda da su təminatı davam etdirilir.

2025-ci il ərzində Qazax-Tovuz iqtisadi zonasında 7,2 kilometr kanal beton üzlüyə alınmış, 30 subartezian quyusu əsaslı təmir edilib. Cari təmir planı çərçivəsində isə 549 subartezian quyusu, 9 nasos stansiyası və 201 hidrotexniki qurğuda təmir işləri aparılıb, 1 milyon 875 min kubmetr suvarma kanalı və 4 min kubmetrə yaxın kollektor-drenaj şəbəkəsi lildən təmizlənib, əlavə olaraq 264 min kubmetrə yaxın çay məcrasında tənzimləmə işləri görülüb. Bu tədbirlər nəticəsində suvarma sistemlərinin etibarlılığı artır, su itkiləri azalır və fermerlərin su təminatı daha dayanıqlı xarakter alır", - sədr müavini əlavə edib.

Qeyd edək ki, regional müşavirələr Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Şərqi Zəngəzur və digər iqtisadi rayonları əhatə edir. Bu görüşlər Prezident İlham Əliyevin sədrliyi ilə cari ilin mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası, eləcə də Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlarda əlaqələndirilmiş, operativ və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə mərhələli şəkildə təşkil edilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti