İslam İnkişaf Bankı Azərbaycanla əməkdaşlığı dərinləşdirmək niyyətindədir

İqtisadiyyat Materials 19 İyun 2026 16:29 (UTC +04:00)
İslam İnkişaf Bankı Azərbaycanla əməkdaşlığı dərinləşdirmək niyyətindədir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

İslam İnkişaf Bankı Qrupu Azərbaycanla əməkdaşlığı dərinləşdirmək və ölkənin milli prioritetlərinin həyata keçirilməsini dəstəkləmək niyyətindədir.

Trend-in tədbirdə iştirak edən müxbirinin məlumatına görə, bunu İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casir İslam İnkişaf Bankı Qrupunun 14-cü Özəl Sektor Forumu çərçivəsində keçirilən yekun mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Bakı təkcə illik toplantıların keçirildiyi məkan deyil, həm də müzakirələrin praktiki davamının təmin olunduğu platformaya çevrilib.

“1992-ci ildən etibarən Azərbaycan və İslam İnkişaf Bankı Qrupu infrastruktur, energetika, kənd təsərrüfatı, sosial xidmətlər və regional bağlantılıq sahələrində uzunmüddətli tərəfdaşlıq qurub. Hazırkı illik toplantılar çərçivəsində əməkdaşlığın yeni mərhələsini açan bir sıra sənədlər imzalanıb. Xüsusilə tərəflər dəyəri 436 milyon dollar olan Qarabağ suvarma kanalının yenidən qurulması layihəsi üzrə saziş, həmçinin ölkə ilə kompleks çərçivə əməkdaşlıq proqramı üzrə anlaşma memorandumu imzalayıblar”, - deyə o bildirib.

Onun sözlərinə görə, bundan əlavə, Abşeron yarımadasında 33 yaşayış məntəqəsində su təchizatı və kanalizasiya sistemlərinin tikintisi üzrə daha bir anlaşma memorandumu imzalanıb.

“Biz Azərbaycanla əməkdaşlığımızın dərinləşməsinə, onun milli prioritetlərinin dəstəklənməsinə və regionları, bazarları və insanları birləşdirən mühüm körpü kimi artan rolunun möhkəmlənməsinə ümid edirik. Hazırkı illik toplantıların “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusu müzakirələrin və qəbul edilmiş qərarların əsasını təşkil edib. Həftə ərzində Özəl Sektor Forumu çərçivəsində keçirilən tədbirlər də daxil olmaqla, 32 yüksək səviyyəli görüş və bilik mübadiləsi tədbiri təşkil olunub. Biz dünyanın 78 ölkəsindən 4400-dən çox iştirakçını, həmçinin 46 müxtəlif institut rəhbəri də daxil olmaqla, çoxsaylı regional və beynəlxalq təşkilatların nümayəndələrini qəbul etdik”, - deyə o əlavə edib.

M.Əl-Casir qeyd edib ki, iştirakçılar ticarət, nəqliyyat bağlantılılığı, energetika, ərzaq təhlükəsizliyi, İslam maliyyəsi, özəl sektorun inkişafı, iqlim gündəliyi və rəqəmsal transformasiya məsələlərini müzakirə ediblər.

O, həmçinin bildirib ki, illik toplantılar zamanı 10 üzv ölkə, regional institutlar və özəl sektor şirkətlərinin iştirakı ilə ümumi dəyəri 6 milyard dollar olan 67 saziş imzalanıb.

“Bu sazişlər əsas sektorların dəstəklənməsinə yönəlib və yüksək inkişaf effekti olan layihələrin həyata keçirilməsinə sadiqliyimizi təsdiqləyir. İslam İnkişaf Bankı təşkilata üzv ölkələrdə doqquz layihə üçün 2,8 milyard dollar həcmində yeni maliyyələşməni təsdiqləyib. Layihələr nəqliyyat bağlantılılığının inkişafına, enerji təhlükəsizliyinin gücləndirilməsinə, ərzaq sistemlərinin təkmilləşdirilməsinə, iqlim dayanıqlılığının artırılmasına və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına yönəlib”, - deyə M.Əl-Casir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti