Rəqəmsal təhlükəsizliyin uşaqlara bağça yaşlarından öyrədilməsi təklif olunub

Cəmiyyət Materials 18 İyun 2026 17:25 (UTC +04:00)
Rəqəmsal təhlükəsizliyin uşaqlara bağça yaşlarından öyrədilməsi təklif olunub
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı.Trend:

Rəqəmsal təhlükəsizliyi kiçik yaşlarda, hətta məktəbəqədər yaşda öyrətməyə başlamalıyıq.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova “Uşaqların zərərli informasiyadan qorunması və rəqəmsal mühitin təhlükəsizliyinin təmin edilməsi” mövzusunda ictimai dinləmədə çıxışında bildirib.

Onun sözlərinə görə, müəllimlərin ixtisasartırma prosesində də rəqəmsal təhlükəsizlik məsələsi ön plana çəkilməlidir.

"Məktəb mühitində filtrdən keçirilmiş internet sistemindən istifadə olunur. Şagirdlər məktəb ərazisində təhlükəli və zərərli informasiyalara çıxış əldə edə bilmirlər. Eyni zamanda, rəqəmsal mühitdə təhlükəsiz davranış qaydalarına dair konfrans və seminarlar təşkil edilir.

Bu sahədə görüləcək işlər hələ çoxdur. Biz yalnız normativ tənzimləmələrlə kifayətlənməməli, maarifləndirmə işini də düzgün qurmalıyıq. Doğru müdaxilə ilə yanaşı, risklərin qarşısının alınması üçün qabaqlayıcı addımların atılması xüsusi əhəmiyyət daşıyır. uşaqların zərərli informasiyalardan qorunması, sosial mediada təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal mühitdə müdafiəsi kollektiv məsuliyyətdir".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev isə çıxışında bildirib ki, bu gün təhlükə artıq küçədə yox, rəqəmsal mühitdədir.

O qeyd edib ki, gün ərzində Daxili İşlər Nazirliyinə daxil olan müraciətlərin böyük əksəriyyəti sosial media və rəqəmsal mühitlə əlaqədardır.

"Narkotik vasitələrin satışı da daxil olmaqla, ən ağır cinayət növlərinin əhəmiyyətli hissəsi məhz rəqəmsal mühitdə təşkil və idarə olunur. Sosial şəbəkələrdə saxta hesablar yaradılır, yalançı şəxsiyyətlər formalaşdırılır və bu saxta kimliklər vasitəsilə uşaqlar müxtəlif cinayətlərə təhrik edilir. Xüsusilə Tik-Tok platforması uşaqlara yalançı şəxsiyyət təqdim edərək onları zərərli informasiyalarla üz-üzə qoyur.

Statistikaya görə, ölkənin məktəb və universitetlərində 8 mindən çox Daxili İşlər Nazirliyi əməkdaşının iştirakı ilə görüşlər keçirilib. Bu görüşlər zamanı şagird və tələbələrlə maarifləndirici söhbətlər aparılıb, rəqəmsal təhlükələr və onlardan qorunma yolları barədə məlumat verilib.

Qanunvericiliyə təklif olunan dəyişikliklər isə hər hansı cəza və ya qadağaların tətbiqinə deyil, rəqəmsal mühitin daha təhlükəsiz və məsuliyyətli şəkildə idarə olunmasını təmin edəcək ümumi tənzimləmə mexanizminin yaradılmasına xidmət edir", - o bildirib.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva isə çıxışında qeyd edib ki, hər bir texnoloji, elmi yenilik, inqilabı sıçrayış olduqda beynəlxalq təşkilatlar zamanında qərar verməsə çox acı nəticələr ola bilər. Onun sözlərinə görə, süni intellektin yaratdığı imkanlar özləri də texnoloji bir inqilabdır.

"Onları tənzimləyən qərarlar verilməlidir, bu da dövlət qurumları səviyyəsində olmalıdır. Çünki cəmiyyət səviyyəsində həllər təklif etmək çox çətindir", - o vurğulayıb.

TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova isə çıxışında klinik psixoloqların fəaliyyəti ilə bağlı məsələyə diqqət çəkib. O qeyd edib ki, klinik psixoloqların sertifikatlaşdırılması və fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilikdə ciddi boşluqlar mövcuddur.

Onun sözlərinə görə, hazırda özəl sektorda xəstəxanaların fəaliyyətə başlaması üçün sertifikat tələbi olsa da, psixoloji mərkəzlərin sertifikatlaşdırılması həyata keçirilmir və onların fəaliyyətini tənzimləyən ayrıca qanunvericilik bazası mövcud deyil.

"Bu səbəbdən həmin mərkəzlərin xidmət keyfiyyətini və peşə standartlarına uyğunluğunu obyektiv şəkildə qiymətləndirmək mümkün olmur. Məsuliyyətli və məlumatlı cəmiyyətin formalaşması, dövlət qurumları, təhsil müəssisələri, mütəxəssislər və valideynlərin birgə fəaliyyəti uşaqların sağlam inkişafının təmin olunmasına və onların təhlükəsiz mühitdə böyüməsinə mühüm dəstək verəcək", - o bildirib.

Bahar Muradova isə məsələyə münasibətində qeyd edib ki, əsasən fiziki sağlamlığa önəm verilir, amma psixloji sağlamlıq da önəmlidir. Psixi sağlamlığı müalicə edənlərin özünün psixoloji vəziyyəti, səviyyəsi vacibdir.

"Psixoloqlarla əlaqədar növbəti qanunvericilik təşəbbüsü olacaq. Qanunlara yenidən baxılmalıdır. Bu bizim növbəti təşəbbüsümüz olacaq, hazırda bunun üzərində işləyirik", - o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti