ITFC Bakıda ümumilikdə təxminən 3 milyard dollarlıq sazişlər imzalayıb - Adeeb Alaama

İqtisadiyyat Materials 19 İyun 2026 16:04 (UTC +04:00)
ITFC Bakıda ümumilikdə təxminən 3 milyard dollarlıq sazişlər imzalayıb - Adeeb Alaama
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıdakı həftə ərzində ITFC ümumilikdə təxminən 3 milyard dollarlıq sazişlər imzalayıb.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu İslam Ticarətin Maliyyələşdirilməsi Korporasiyasının (ITFC) Baş icraçı direktoru Adeeb Alaama Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il İllik Toplantılarının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Adeeb Alaama bildirib ki, İslam İnkişaf Bankı Qrupunun İdarə Heyətinin 2026-cı il toplantısı çərçivəsində Bakıda keçirilən tədbirlərdə iştirak etməkdən məmnunluq duyur və Azərbaycan hökumətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. O qeyd edib ki, Bakı regionlar, bazarlar və ölkələr arasında mühüm körpü rolunu oynayan strateji mərkəzə çevrilib.

O, çıxışında qlobal iqtisadi mühitdə qeyri-müəyyənliklərin artdığı bir dövrdə ticarətin dayanıqlı inkişaf, iqtisadi artım və imkanların genişləndirilməsi üçün əsas amillərdən biri olduğunu vurğulayıb: "İslam Ticarətin Maliyyələşdirilməsi Korporasiyası ticarəti dayanıqlı inkişafın katalizatoru kimi görür.

2025-ci ildə korporasiya ümumilikdə 9,3 milyard dollarlıq ticarət maliyyələşdirilməsini təsdiqləyib və bu, indiyədək ən yüksək illik göstəricidir. Bakıdakı həftə ərzində ITFC ümumilikdə təxminən 3 milyard dollarlıq sazişlər imzalayıb.

Bu sazişlərə bir sıra üzv ölkələrlə çərçivə razılaşmaları, regiondakı maliyyə institutları ilə ticarətin maliyyələşdirilməsi üzrə yeni mexanizmlər, eləcə də özəl sektor və kiçik və orta biznesin dəstəklənməsinə yönəlmiş kredit xətləri daxildir. Eyni zamanda, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə ticarətin genişləndirilməsinə dair strateji əməkdaşlıq sazişi də imzalanıb".

Adeeb Alaama vurğulayıb ki, bu əməkdaşlıqlar ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, enerji təchizatının sabitliyinə, yeni iş yerlərinin yaradılmasına və sahibkarlıq mühitinin inkişafına töhfə verir.

O, Azərbaycanla əməkdaşlıq çərçivəsində yerli banklarla tərəfdaşlıq qurulduğunu, bunun ölkədə İslam ticarət maliyyəsinə çıxış imkanlarını genişləndirdiyini bildirib. Həmçinin “Trade Connect Central Asia Plus (TCCAP+)” təşəbbüsünün Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında ticarət əlaqələrinin genişləndirilməsinə xidmət etdiyini qeyd edib.

ITFC rəhbəri əlavə edib ki, korporasiya yeni strateji dövrə qədəm qoyub və gələcəkdə səhiyyə, aqro-ərzaq və rəqəmsal ticarət kimi sahələrə daha çox dəstək göstərməyi, həmçinin özəl sektorun və KOB-ların inkişafını prioritet kimi saxlamağı planlaşdırır.

"Ticarət qlobal iqtisadiyyatın inkişafında əsas hərəkətverici qüvvə olaraq qalır və biz inklüziv inkişafı dəstəkləməyə sadiqik", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti