Bakı. Trend:
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu ümumi tarixi keçmişə malik dost dövlətlər arasında ikitərəfli münasibətlərin müzakirəsi üçün növbəti mühüm platformaya çevrildi. “Rusiya - Azərbaycan” sessiyası diplomatları və sahibkarları bir araya gətirdi və siyasət, ticarət, infrastruktur layihələri, eləcə də vahid nəqliyyat karkasını gücləndirən qabaqcıl texnika daxil olmaqla geniş mövzuları əhatə etdi.
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev ölkələr arasında siyasi dialoqun intensivliyini konkret rəqəmlə ifadə etdi: bu ilin ilk beş ayında dövlət başçıları səviyyəsinədək ali səviyyəli 18–20 səfər baş tutub. O, ötən il üzrə ticarət dövriyyəsinin göstəricilərini də açıqladı və bu rəqəmin təxminən 4,9–5 milyard dollara qədər yüksəldiyini bildirdi.

Öz növbəsində, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin qeyd etdi ki, Moskva Azərbaycanın Avrasiya İqtisadi İttifaqı ilə daha da yaxınlaşmasında maraqlıdır. O, bunun respublika iqtisadiyyatına müsbət təsir göstərəcəyinə əminliyini ifadə etdi. Nazir müavininin sözlərinə görə, bu yaxınlaşma ümumi mal bazarına çıxış, xidmətlər, investisiyalar və nəqliyyat sahələrində əməkdaşlığın genişlənməsi hesabına əlavə imkanlar yarada bilər.
Forumda nəqliyyat mövzusu ayrıca xətt kimi önə çıxdı. Mixail Qaluzin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb qolunun inkişafı üzrə aparılan işlərə və bu marşrut üzrə tranzit daşımalarının həcmini 2028-ci ilə qədər 5 milyon tona çatdırmağa yönəlmiş konkret addımlara diqqət çəkdi. “Xəzər İşgüzar Təşəbbüsü” muxtar qeyri-kommersiya təşkilatının prezidenti Gülnarə Rəhimova-Dəniz də magistralın əhəmiyyətinə toxundu. Onun sözlərinə görə, bu dəhliz “Xəzər regionunun Avrasiya ticarəti sistemində rolunu dəyişə biləcək iqtisadi arteriyadır”.
Daha sonra Rusiya Prezidenti Vladimir Putin də “Şimal - Cənub” dəhlizi barədə danışdı. Dünya informasiya agentliklərinin rəhbərləri ilə görüşdə Rusiya lideri bu layihəni logistika sahəsində Rusiya və Azərbaycan üçün qarşılıqlı maraq doğuran mövzulardan biri kimi dəyərləndirdi. O, ölkələr arasında strateji qarşılıqlı fəaliyyət haqqında müqavilənin qüvvədə olduğunu xatırlatdı və vurğuladı ki, Prezident İlham Əliyev bu müqaviləni konkret məzmunla zənginləşdirmək üçün böyük səy göstərir
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda nəqliyyat blokunun istehsalat tərəfini dünyanın aparıcı hərəkət tərkibi istehsalçılarından və layihəçilərindən biri olan “Transmaşholdinq”in (TMH) baş direktoru Kirill Lipa təmsil edirdi. Şirkətin texnikası 30-dan çox ölkədə istismar olunur. Azərbaycan isə şirkətin prioritet xarici bazarlarından biridir.
“Dəmir yolu və metropolitenlər bizi birləşdirən nəqliyyat karkası olub və bu gün də bizi birləşdirməkdə davam edir. Biz də öz tərəfimizdən bu karkası qorumağa, dəstəkləməyə və gücləndirməyə, sifarişçilərə ən qabaqcıl məhsul və həlləri təqdim etməyə çalışırıq”, - deyə Kirill Lipa bildirib.
TMH-nin tərkibinə daxil olan “Metrovagonmaş” müəssisəsi Bakı Metropoliteni ilə onun yarandığı dövrdən əməkdaşlıq edir. Təkcə son 20 ildə Mıtişi zavodu Azərbaycan paytaxtı üçün 270 vaqon təhvil verib. Nəticədə şəhər müasir qatar parkı əldə edib. Bu qatarlar sifarişçinin istəkləri nəzərə alınmaqla hazırlanıb və şəhər nəqliyyatında komfort və təhlükəsizlik üzrə bütün zəruri tələblərə cavab verir. Bu texnikaya xidmət göstərmək üçün bu gün Bakıda TMH mütəxəssislərindən ibarət qrup fəaliyyət göstərir, daimi ehtiyat hissələri anbarı yaradılıb.

Holdinq rəhbəri forumda geosiyasi təzyiq şəraitində işin xüsusiyyətlərindən də danışdı:
“Azərbaycan istəyirdi ki, tədarük edilən metro vaqonlarının komplektasiyası Avropa mənşəli olsun və biz digər ölkələrlə beynəlxalq kooperasiyanı qoruyaraq bu formatı saxladıq. Bu gün komplektləşdirici hissələrin tədarükü həm Rusiyadan, həm də Avropa ölkələrindən həyata keçirilir. Vaqonların yekun yığılması bilavasitə Bakıda aparılır və bundan sonra onlar istismara verilir”.
Bununla yanaşı, spiker qeyd etdi ki, əsas problemlərdən biri maliyyələşmədir. Azərbaycan əvvəllər tədarük edilən texnikanın ödənişini öz vəsaiti hesabına həyata keçirirdi.
“Bu gün xarici maliyyə mənbələrinin cəlb edilməsi məsələsi gündəmə gəlir və bu, müəyyən çağırış olacak. Ümid edirəm ki, Avrasiya İnkişaf Bankının və digər ixrac institutlarının dəstəyi ilə biz bu problemin öhdəsindən gələcəyik”, - deyə Kirill Lipa yekunlaşdırıb.
TMH məhsulları Cənubi Qafqazda yüksək rəqabət potensialına malikdir. Bununla belə, şirkətin respublikadakı perspektivləri təkcə metro qatarlarının tədarükü ilə məhdudlaşmır: tələb olunan istiqamətlər sırasında şəhərlərin avtomatlaşdırılmış nəqliyyat infrastrukturu, qabaqcıl rəqəmsal həllər və pilotsuz nəqliyyat, bütün kateqoriyalardan olan vətəndaşlar üçün daşımaların əlçatanlığının artırılması, yolların, relslərin, dayanacaqların, avtobus parklarının və depoların modernləşdirilməsi yer alır.
Texnikaya gəlincə, TMH hərəkət tərkibinin ən yeni nümunələrini, həmçinin hərəkətin idarə olunması üzrə rəqəmsal sistemlərini Bakıda keçirilən 23-cü Xəzər Beynəlxalq “Nəqliyyat, Tranzit və Logistika” (TransLogistica Caspian) sərgisində nümayiş etdirib.
Sahə tədbirinin açılışı ənənəvi olaraq Prezident İlham Əliyevin iştirakı ilə keçirilib ki, bu da ölkənin Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevrilmək niyyətini bir daha təsdiqləyir. Üstəlik, Azərbaycanın nəqliyyat liderliyi sahəsində əsrlik təcrübəsi var: iyulun 6-da SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolunun - “Bakı - Sabunçu - Suraxanı” xəttinin açılmasının 100 ili tamam olacaq. Diqqətəlayiq haldır ki, həmin xətt üçün vaqonları məhz Mıtişi zavodu tədarük etmişdi.
Bundan əlavə, 1980-ci illərdə Heydər Əliyevin iştirakı ilə zavodun istehsal gücləri genişləndirilmişdi. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Heydər Əliyevin imzaladığı qərar əsasən yeni vaqonyığma korpusu inşa edilmişdi. Görkəmli dövlət xadiminin xidmətlərinə ehtiram əlaməti olaraq Moskva vilayətində yerləşən bu müəssisənin ərazisində xatirə lövhəsi quraşdırılıb.
Rayda Quliyeva