AİB Orta Dəhliz layihələrinin uğuru üçün üç əsas şərti açıqlayıb

İqtisadiyyat Materials 19 İyun 2026 10:07 (UTC +04:00)
AİB Orta Dəhliz layihələrinin uğuru üçün üç əsas şərti açıqlayıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhliz layihələrinin uğurla həyata keçirilməsi üçün aydın normativ-tarif bazası, risklərin düzgün bölüşdürülməsi və şəffaf tender prosedurları zəruridir.

Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bu barədə Asiya İnkişaf Bankı-nın regional əməkdaşlıq və inteqrasiya şöbəsinin baş direktoru Çon U Kanq İslam İnkişaf Bankı Qrupunun 14-cü Özəl Sektor Forumunda bildirib.

Onun sözlərinə görə, Orta Dəhliz layihələri yalnız infrastruktur təşəbbüsləri kimi deyil, həm də iqtisadi fəallığın stimullaşdırılması və özəl sektorun inkişafı üçün bir vasitə kimi qiymətləndirilməlidir. Çon U Kanq qeyd edib ki, ilk vacib şərt aydın normativ və tarif sisteminin mövcudluğudur.

“İnvestorlar proqnozlaşdırıla bilən mühiti üstün tuturlar. Buna görə də aydın hüquqi baza, şəffaf tarif formalaşdırılması mexanizmləri və konsessiya sazişləri özəl kapitalın cəlb edilməsi üçün həlledici əhəmiyyət daşıyır. İkinci əsas amil layihə iştirakçıları arasında risklərin düzgün bölüşdürülməsidir. Xüsusilə siyasi risklər dövlət tərəfindən öz üzərinə götürülməli və ya çoxtərəfli inkişaf banklarının zəmanətləri hesabına azaldılmalıdır. Tələb tərəfdən yaranan risklər isə minimum gəlir zəmanəti kimi alətlər vasitəsilə maraqlı tərəflər arasında bölüşdürülə bilər. Bundan əlavə, müvafiq hedcinq mexanizmləri vasitəsilə valyuta risklərinin azaldılması da mühüm element olaraq qalır”, – deyə o bildirib.

AİB rəsmisi layihələrin uğurunun üçüncü şərti kimi rəqabətli və şəffaf tenderlərin keçirilməsini göstərib.

“Açıq satınalma prosedurları ixtisaslı iştirakçıların cəlb edilməsinə və vəsaitlərdən səmərəli istifadənin təmin olunmasına imkan yaradır. Eyni zamanda, AİB iştirakçıların ilkin seçimi, təkliflərin qiymətləndirilməsi və müqavilələrin idarə olunması daxil olmaqla satınalma prosedurlarının hazırlanmasına dəstək göstərir.

AİB "yaşıl" istiqrazlar, dayanıqlı inkişaf istiqrazları və dayanıqlılıq göstəricilərinə bağlı istiqrazların buraxılışına dəstək sahəsində böyük təcrübəyə malikdir. Xüsusilə Cənubi Asiyada uğurla tətbiq olunan bu təcrübə Orta Dəhliz layihələrinin hazırlanması zamanı Mərkəzi Asiyada da istifadə oluna bilər”, – deyə o vurğulayıb.

O, həmçinin Orta Dəhliz çərçivəsində təşəbbüslərin həyata keçirilməsinə dəstək məqsədilə regionun bütün maraqlı tərəfləri ilə gələcək əməkdaşlığa AİB-in hazır olduğunu bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti