Media sahəsində əsas çağırışlardan biri keyfiyyət böhranının aradan qaldırılmasıdır - Elçin Mirzəbəyli

Cəmiyyət Materials 19 İyun 2026 12:28 (UTC +04:00)
Media sahəsində əsas çağırışlardan biri keyfiyyət böhranının aradan qaldırılmasıdır - Elçin Mirzəbəyli
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Media sahəsində əsas çağırışlardan biri peşəkar jurnalistikanın qorunması, inkişaf etdirilməsi və keyfiyyət böhranının aradan qaldırılmasıdır. Texnologiyaların sürətli inkişafı fonunda media resursları arasındakı sərhədlər silinsə də, məzmun və onu yaradan yaradıcı insan amili dəyişməz qalır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bugünkü iclasında “Media haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, müzakirə olunan qanun layihəsi media və yayım sahəsində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi və müasir çağırışlara uyğun institusional çərçivənin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

“Şübhəsiz ki, rəqəmsal transformasiya, sosial şəbəkələrin təsirinin artması, süni intellekt texnologiyalarının inkişafı və qlobal informasiya axınlarının sürətlənməsi dövlətin qarşısında yeni vəzifələr qoyur. Bu baxımdan, qanun layihəsində nəzərdə tutulan dəyişikliklər müasir reallıqlardan irəli gələn zərurət kimi qiymətləndirilə bilər”, - deyə o qeyd edib.

E.Mirzəbəyli vurğulayıb ki, layihənin əsaslandırılmasında - arayışda tamamilə haqlı olaraq çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsindən söz açılır.

“Media resursları arasındakı sərhədlər texnologiyanın gətirdiyi yeniliklərə uyğun olaraq silinir və bundan sonra da proses davam edəcək. Yəni bu o deməkdir ki, bu gün mövcud olan qəliblər, ölçü və standartlar 5 və ya 10 ildən sonra, bəlkə də daha da tez yeniləriylə əvəzlənəcək. Yalnız məzmun və onu ərsəyə gətirən yaradıcı insan amili dəyişməyəcək. Bu baxımdan, bütün dəyişən formalarda öz mahiyyətini, funksionallığını qoruyub saxlayan yaradıcı insanın – peşəkar və yaradıcı jurnalistin və jurnalistikanın qorunması, inkişaf etdirilməsi bundan sonra da prioritet istiqamətlərdən biri olmalıdır”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, bu gün ölkə mediası yalnız yerli bazarda fəaliyyət göstərən media qurumları ilə deyil, qlobal rəqəmsal platformalarla da rəqabət aparır.

“Hazırda beynəlxalq platformalar reklam bazarının əhəmiyyətli hissəsinə sahiblənib. Halbuki informasiyanı hazırlayan, hadisə yerinə gedən, araşdırma aparan, müsahibə götürən, reportaj hazırlayan, ictimai maraqlara xidmət edən tərəf yerli media subyektləridir. Bu baxımdan, həm hüquqi, həm də motivasiya xarakterli addımlarla daxili reklam bazarının qorunması və inkişaf etdirilməsi, sosial şəbəkələr üzərindən reklam vəsaitləri axının qarşısını alınması təkcə iqtisadi faktor deyil, həm də informasiya təhlükəsizliyinin təmin edilməsi üçün başlıca amildir”, - deyə o vurğulayıb.

Deputat qeyd edib ki, media sahəsində bütün dünyada ən böyük problemlərdən biri peşəkar jurnalistikanın keyfiyyət böhranı ilə qarşı-qarşıya qalmasıdır.

“Araşdırma jurnalistikası əvvəlki təsir gücünü itirib. Bütövlükdə isə jurnalistikanın janr və növləri, o cümlədən müsahibə, reportaj, icmal, yol qeydləri, resenziya, məqalə, bədii publisistika faktiki olaraq sıradan çıxmaqdadır. Artıq keyfiyyətli köşə yazıları, müsahibə və reportajlarla çox nadir hallarda qarşılaşmaq olur. İndi təkcə xəbər başlıqları deyil, sərhədləri pozulmuş janrlardan ibarət yazıların mətnləri də, təəssüf ki, bəzən bir-birinə bənzəyir. Xəbər çoxalır, fikir istehsalı isə əksinə azalır və yaxud əhəmiyyətini itirir”, - deyə E.Mirzəbəyli bildirib.

O vurğulayıb ki, jurnalistikanın əsas vəzifəsi araşdırmaq, təhlil etmək, səbəb-nəticə əlaqələrini ortaya çıxarmaq, ictimai əhəmiyyət kəsb edən məsələləri gündəmə gətirmək və ictimai maraqları qorumaqdan ibarətdir.

“Peşəkar jurnalistika yalnız operativlik meyarı ilə qiymətləndirilməməlidir. Peşəkar jurnalistika ilk növbədə keyfiyyət, etibarlılıq, araşdırma və ictimai məsuliyyət deməkdir”, - deyə deputat əlavə edib.

Onun sözlərinə görə, sürətli informasiya dövriyyəsi, şablonlaşma və texnoloji transformasiya fonunda fərdi üslubların, müəllif yanaşmalarının və dil zənginliyinin qorunması xüsusi əhəmiyyət kəsb edir.

“Çünki dili inkişaf etdirən məhz yaradıcı düşüncədir. Yaradıcı düşüncəni isə həm də peşəkar jurnalistika formalaşdırır”, - deyə o qeyd edib.

Deputat bildirib ki, yeni yaranan təsisat media subyektlərinin iqtisadi dayanıqlılığının təmin edilməsi, reklam bazarının qorunması və inkişaf etdirilməsi ilə yanaşı, peşəkar jurnalistikanın iqtisadi əsaslarını, janr müxtəlifliyini, müəllif məktəblərini və dil mühitini qoruyan istiqamətə də diqqət ayırmalıdır.

“Bu baxımdan, ümid edirəm ki, yeni yaranan təsisat media subyektlərinin iqtisadi dayanıqlılının təmin edilməsi, reklam bazarının qorunması və inkişaf etdirilməsi ilə bərabər, peşəkar jurnalistikanın iqtisadi əsaslarını, janr müxtəlifliyini, müəllif məktəblərini və dil mühitini qoruyan istiqamətə də diqqət ayıracaq, həmçinin media subyektləri ilə yanaşı, jurnalistlər üçün də ayrı-ayrı janrlar üzrə yazı və ya məzmun müsabiqələri ilə yanaşı, bir neçə ay, yaxud bir il davam edən layihələr elan etməklə mediada məzmun keyfiyyətinin artırılmasına töhfə verəcək.

Daha öncə də qeyd etdiyim kimi, texnologiya inkişaf etdikcə media resursları arasındakı sərhədlər itir və bu proses zamanla daha geniş vüsət alacaq. Bu səbəbdən, bütün forma dəyişikliklərində öz klassik mahiyyətini və peşəkarlığını büruzə verməyi bacaran yaradıcı potensialı qorumaq, peşəkar, məsuliyyətli, ictimai maraqları müdafiə edən, etik normalara əməl edən peşəkar jurnalistikanı inkişaf etdirmək də zəruridir”, - deyə E.Mirzəbəyli əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti