Bakı. Trend:
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin müvafiq əmrinə əsasən, Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross üzrə birincilik keçirilib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yarışın ilk günündə komandaların tərkibi yoxlanılıb,
birinciliyin ardıcıllığını təmin etmək üçün püşkatma keçirilib.
Birincilik uğrunda mübarizə aparan hərbi qulluqçular 11 komanda
tərkibində atış, qumbaraatma və 3 kilometr məsafəyə kross qaçışı
üzrə yarışlarda güclərini sınayıblar.
İdmançıların topladığı nəticələrə uyğun olaraq fərdi və komanda hesabı uğrunda yerlər hakimlər tərəfindən müəyyən edilib.
Sonda qalib komandalar və fərdi hesabda fərqlənənlər diplom, kubok və medallarla mükafatlandırılıb, xatirə fotosu çəkdirilib.
