Bakı. Trend:
Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki müxalifət deputatlarının masalarında ləğv edilmiş qondarma rejimin bayraqlarının asılmasının Azərbaycanla yeni müharibə təhlükəsi yaratdığını bildirib.
Paşinyan bu açıqlamanı Ermənistan parlamentindəki hökumət saatı zamanı verib.
"Parlamentimizdə bu bayraqların olması müharibə təhlükəsidir. Onlar bu söhbəti ortalığa atır, müharibəyə təhrik edirlər. Qarabağ məsələsi bağlanıb. Müxalifət sülhə təhlükə yaradır", - deyə o bildirib.
“Biz vəziyyətin qeyri-sabitliyə səbəb olmaması üçün səylər göstərməliyik. Bunun üçün də institusional sülhü inkişaf etdirməyə davam edirik”, - deyə Paşinyan bildirib.
O, dəvət olunacağı təqdirdə 2027-ci ildə Avropa Siyasi Birliyinin sammiti üçün Bakıya səfər etməyə hazır olduğunu bir daha bəyan edib.
