Bakı. Trend:
İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Koreya Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini xanım Chung Eui-Hae Cecilia ilə görüşüb.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan ilə Koreya Respublikası arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də Azərbaycanda fəaliyyət göstərən Koreya şirkətlərinin biznes mühiti və fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.
Bildirilib ki, ölkələr arasında formalaşmış səmərəli əməkdaşlıq mühiti iqtisadi tərəfdaşlığın gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Azərbaycan Koreya Respublikası ilə ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsinə böyük önəm verir.
Qeyd olunub ki, Azərbaycanın regionda həyata keçirdiyi genişmiqyaslı enerji, nəqliyyat-logistika layihələri, eləcə də alternativ enerji ixracı sahəsində planları Koreya şirkətləri üçün yeni əməkdaşlıq və investisiya imkanları yaradır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
