Bakı.Trend:
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “Freshdesk” platformasından istifadə olunmaqla həyata keçirilən fişinq kampaniyası ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb.
Agentlikdən bildirilib ki, kibercinayətkarlar istifadəçilərin etimadını qazanmaq üçün nəqliyyat, neft-qaz və beynəlxalq ticarət sahəsində fəaliyyət göstərən qurumların adlarından, eləcə də ələ keçirilmiş rəsmi elektron poçt hesablarından istifadə ediblər.
Məlumata görə, istifadəçilərə əsasən “Shared a File” və “New secure message from” başlıqlı elektron məktublar göndərilib. Bu məktublardakı keçidlər istifadəçiləri saxta internet səhifələrinə yönləndirib.
Araşdırma zamanı müəyyən olunub ki, hücumçular istifadəçilərin giriş məlumatlarını, şifrələrini və ikimərhələli təsdiqləmə kodlarını ələ keçirmək üçün xüsusi texnologiyadan istifadə ediblər. Nəticədə istifadəçi hesablarına icazəsiz giriş əldə etmək mümkün olub.
MKA vətəndaşlara və təşkilatlara şübhəli elektron məktublardakı keçidlərə daxil olmamağı, belə mesajların həqiqiliyini yoxlamağı və şifrə və təsdiq kodlarını naməlum səhifələrə daxil etməməyi tövsiyə edib.
Agentlik şübhəli hallarla qarşılaşan şəxslərin [email protected] elektron poçt ünvanına və ya “1654” qaynar xəttinə müraciət edə biləcəyini bildirib.
