Bakı. Trend:
Hazırda dünya islam maliyyə sənayesinin həcmi təxminən 4 trilyon ABŞ dolları olaraq qiymətləndirilir.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bu barədə İslam İnkişaf Bankı İnstitutunun (IsDBI) baş direktor vəzifəsini icra edən Sami Əl-Süvaylim İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə 14-cü forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, IsDBI Qrupunun həcmi təxminən 40 milyard ABŞ dolları təşkil edir.
“Bu baxımdan Qrup dünya islam maliyyə sənayesinin cəmi 0,1 faizini təşkil edir”, – deyə Əl-Süvaylim bildirib.
Bununla yanaşı, o qeyd edib ki, IsDBI Qrupunun təsiri onun ölçüsündən xeyli böyükdür.
“IsDBI Qrupu yarandığı 50 ildən artıq müddət ərzində bu sahənin lideri olub və olmaqda davam edir. Bu, Qrupun kəmiyyətlə deyil, keyfiyyətlə liderlik etdiyini göstərir”, – deyə o vurğulayıb.
Sami Əl-Süvaylim təşkilatın liderliyini müəyyən edən əsas amillərin onun baxışı, dəyərləri və prinsipləri olduğunu bildirib.
O, həmçinin Qrupun məqsədlərinə çatması üçün innovasiyaların əhəmiyyətini qeyd edib.
“Buna görə də innovasiya bizim missiyamızın uğuru üçün həlledici əhəmiyyət daşıyır. IsDBI İnstitutunda innovasiyaları əsas prioritetlərimizdən biri hesab edirik”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, institutun əməkdaşları tərəfdaşlarla birlikdə üzv ölkələrin üzləşdiyi iqtisadi çağırışlara İslam maliyyə alətlərindən istifadə etməklə innovativ həllər tapmaq üzərində işləməyə davam edirlər.
