Bakı. Trend:
Regional inteqrasiyanın və dayanıqlı rifahın təmin olunması üçün sərhədlərarası infrastruktur layihələrində dövlət-özəl tərəfdaşlığının (DÖT) rolu getdikcə artır.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunan “Regional bağlantının gücləndirilməsi üçün sərhədlərarası infrastruktur üzrə dövlət-özəl tərəfdaşlığı (DÖT) layihələri” panelində deyib.
Onun sözlərinə görə, tədbirin Azərbaycan Prezidenti İlham Əliyevin yüksək himayəsi altında keçirilməsi ölkənin regional əməkdaşlığa və bağlantı sahəsində investisiya tərəfdaşlıqlarına verdiyi strateji əhəmiyyətin göstəricisidir.
“Builki toplantının “Dayanıqlı rifah üçün regional inteqrasiya” mövzusu son dərəcə aktualdır. Qlobal iqtisadiyyat hazırda infrastrukturun maliyyələşdirilməsindəki boşluqlar, təchizat zəncirlərinin parçalanması, iqlim riskləri, rəqəmsal transformasiya və dayanıqlı bağlantıya artan tələbat kimi mürəkkəb çağırışlarla üz-üzədir. Belə şəraitdə regional infrastruktur artıq yalnız nəqliyyat, enerji və ya logistika məsələsi deyil. İnfrastruktur ticarətin, investisiyaların, sənaye əməkdaşlığının, ərzaq və enerji təhlükəsizliyinin, eləcə də inklüziv iqtisadi artımın əsas dayağıdır”, – deyə o bildirib.
Nazir müavini qeyd edib ki, artan investisiya tələbatı və fiskal məhdudiyyətlər fonunda hökumətlər bu məqsədlərə təkbaşına nail ola bilməz.
“Məhz buna görə də müasir qlobal iqtisadiyyatda dövlət-özəl tərəfdaşlığı mürəkkəb infrastruktur layihələrinin həyata keçirilməsinin əsas mexanizmlərindən birinə çevrilib. Dünya Bankının məlumatına görə, 2024-cü ildə infrastruktur investisiyalarında özəl sektorun iştirakı 100 milyard ABŞ dollarına çatıb. Bu göstərici əvvəlki illə müqayisədə 16 faiz artaraq pandemiyadan sonra ilk dəfə 100 milyard dollar həddini keçib”, – deyə S.Bəşirli vurğulayıb.
O bildirib ki, sərhədlərarası infrastruktur üzrə DÖT layihələrinin regional təsiri daha böyük ola bilər.
“Belə layihələr bazarları birləşdirir, nəqliyyat və əməliyyat xərclərini azaldır, ticarəti asanlaşdırır, dəyər zəncirlərini gücləndirir və biznes üçün yeni imkanlar yaradır. Azərbaycan regional bağlantının transformativ təsirini birbaşa təcrübəsində görüb. Orta Dəhlizin inkişafı, tranzit və logistika imkanlarının genişləndirilməsi, nəqliyyat infrastrukturunun modernləşdirilməsi və sənaye zonalarının təşviqi ölkəmizin regional inteqrasiyaya və dayanıqlı iqtisadi inkişafa sadiqliyini nümayiş etdirir”, – deyə o əlavə edib.
S.Bəşirlinin sözlərinə görə, Azərbaycan paralel olaraq
dövlət-özəl tərəfdaşlığı üçün rəqəmsal əsasları da gücləndirir.
“DÖT mexanizmi infrastruktur sahəsinə özəl investisiyaların cəlb
edilməsi, layihələrin səmərəliliyinin artırılması və innovativ
maliyyələşdirmə modellərinin təşviqi baxımından mühüm alət kimi
qiymətləndirilir. Bu istiqamətdə ölkədə su təsərrüfatı, ətraf
mühit, nəqliyyat, turizm, təhsil və sosial infrastruktur
sahələrində həyata keçirilməsi planlaşdırılan DÖT layihələrinin
portfeli formalaşdırılıb”, – deyə o qeyd edib.
Nazir müavini Azərbaycanın flaqman DÖT layihəsi olan Sumqayıt şəhərində inşa edilən Xəzər dənizinin suyunun duzsuzlaşdırılması zavoduna da toxunub.
“Gündəlik 300 min kubmetr içməli su istehsal etmək gücünə malik olacaq bu müəssisə Azərbaycanın yeni DÖT çərçivəsində reallaşdırılan ilk pilot layihəsidir. Layihə hökumətlərin, beynəlxalq maliyyə institutlarının və özəl investorların strateji infrastruktur problemlərinin həlli və uzunmüddətli su təhlükəsizliyinin təmin olunması üçün necə əməkdaşlıq edə biləcəyinin nümunəsidir”, – deyə o bildirib.
S.Bəşirli vurğulayıb ki, gələcəkdə nəqliyyat dəhlizləri, bərpa olunan enerji, su təhlükəsizliyi, logistika qovşaqları, iqlimə davamlı infrastruktur və rəqəmsal bağlantı sahələrində DÖT layihələrinin genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.
“Mesaj aydındır: heç bir ölkə təcrid olunmuş şəkildə dayanıqlı rifaha nail ola bilməz. Bağlantı yalnız yollar, dəmir yolları, limanlar, enerji xətləri və ya rəqəmsal şəbəkələr demək deyil. Bu, etimadın qurulması, ortaq iqtisadi maraqların formalaşdırılması və inkişafın faydalarının sərhədlər boyunca bölüşdürülməsi deməkdir. Azərbaycan İslam İnkişaf Bankı Qrupu, üzv ölkələr və özəl sektor tərəfdaşları ilə praktiki, investisiyayönümlü və qarşılıqlı faydalı infrastruktur əməkdaşlığını inkişaf etdirməyə hazırdır. Hesab edirik ki, sərhədlərarası DÖT layihələri dövlət prioritetləri ilə özəl sektorun imkanları, milli inkişaf planları ilə regional inteqrasiya, eləcə də bugünkü infrastruktur ehtiyacları ilə sabahın ortaq rifahı arasında mühüm körpü rolunu oynaya bilər”, – deyə o əlavə edib.
