KOB-ların dəstəyi üçün 1,35 milyard dollardan çox kredit xətti ayrılıb - ITFC rəhbəri

İqtisadiyyat Materials 17 İyun 2026 11:30 (UTC +04:00)
KOB-ların dəstəyi üçün 1,35 milyard dollardan çox kredit xətti ayrılıb - ITFC rəhbəri
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Kiçik və orta sahibkarlıq subyektləri (KOB) həm maliyyə resurslarına çıxışda, həm də istehsal etdikləri məhsulları qlobal bazarlara çıxarmaqda ciddi çətinliklərlə üzləşirlər.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu ITFC-nin baş icraçı direktoru Adeeb Al-Aama Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunan “Regional inteqrasiyanı investisiya üçün cəlbedici edən CEO sessiyası: ticarətin təşviqi, investisiyaların səfərbər edilməsi və artımın sistemli şəkildə risklərinin azaldılması” panelində deyib.

Adeeb Al-Aama qeyd edib ki, təşkilatın əsas prioriteti KOB-ların qarşılaşdığı iki əsas problemi həll etməkdir: “KOB-lar üçün ən böyük çətinliklərdən biri kapitala çıxışdır. Eyni zamanda, istehsal etdikləri məhsulları qlobal bazarlara çıxarmaq da ikinci əsas problemdir".

ITFC rəhbəri bildirib ki, bu problemlərin həlli üçün yerli banklarla əməkdaşlıq edilir və onlara kredit xətləri təqdim olunur: “Biz dünya üzrə yerli banklarla işləyirik və onlara kredit xətləri ayırırıq. Bu banklar isə həmin vəsaitləri daha çox ehtiyac olan yerlərə, xüsusilə özəl sektora və KOB-lara yönləndirir".

Adeeb Al-Aama əlavə edib ki, təşkilat yalnız maliyyələşmə ilə kifayətlənmir, eyni zamanda KOB-ların layihə hazırlığı və banklaşdırıla bilən təşəbbüslərə çevrilməsi istiqamətində dəstək göstərir: “Biz KOB-lara ideyalarını bankların maliyyələşdirə biləcəyi layihələrə çevirməkdə kömək edirik və daha sonra onları qlobal bazarlara çıxarırıq".

ITFC rəhbərinin sözlərinə görə, 2025-ci ildə təqdim edilən kredit xətlərinin həcmi 1,35 milyard ABŞ dollarını ötüb və bu istiqamətdə fəaliyyət davam etdiriləcək.

O həmçinin bir sıra regional proqramları qeyd edib. Bunlara “Arab Africa Trade Bridges”, “AFTIAS” (Arab Aid for Trade Initiative for Arab States) və “Trade Connect Central Asia Plus” (TCCAP) proqramı daxildir. TCCAP çərçivəsində Azərbaycan da “Plus” ölkə kimi iştirak edir.

Adeeb Al-Aama vurğulayıb ki, təşkilatın yeni beşillik strategiyasında özəl sektor və xüsusilə KOB-ların dəstəklənməsi əsas prioritetlərdən biridir: “Hazırda biz yüzlərlə müəssisə ilə işləyirik, lakin yaxın illərdə məqsədimiz minlərlə KOB-a çatmaqdır. Bu yanaşma həm maliyyələşmə, həm də bazarlara çıxış imkanlarının genişləndirilməsi vasitəsilə həyata keçiriləcək".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti