Bakı. Trend:
Azərbaycanın bərpa olunan enerji və investisiya mühitinin cəlbediciliyi ölkədə formalaşdırılan güclü institusional və siyasi dəstək, eləcə də davamlı islahatlar hesabına artır.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, “Masdar” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Murad Sadıxov Bakıda İnvestisiya Perspektivləri Forumu çərçivəsində keçirilən “Azərbaycanın yaşıl keçidinin gücləndirilməsi: bərpa olunan enerji etibarlı investisiya imkanı kimi” panel müzakirəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanda "yaşıl enerji" layihələrinin həyata keçirilməsi üçün əsas amillərdən biri hökumətin güclü siyasi iradəsi və bu sahəyə göstərdiyi davamlı dəstəkdir.
“Azərbaycanda investisiya layihələrinin uğuru üçün əsas amil hökumətin göstərdiyi diqqət, öhdəlik və qətiyyətdir. Təbii ki, bunun üçün resurslar, qanunvericilik bazası və yerli imkanlar da vacibdir, lakin əsas məsələ dövlətin bu prosesə sadiqliyidir”, - deyə o bildirib.
M.Sadıxov qeyd edib ki, Azərbaycanın 2018-ci ildən etibarən bərpa olunan enerji sahəsinə keçid strategiyası ölkənin enerji sektorunda yeni mərhələnin başlanğıcı olub.
Onun sözlərinə görə, bu dövrdə ölkə ənənəvi enerji sektorunda böyük təcrübəyə malik olsa da, "yaşıl enerji" istiqamətinə keçid ciddi institusional və texniki uyğunlaşmalar tələb edib.
“İlkin mərhələdə həm hökumət, həm də investorlar qanunvericilik və tənzimləyici çərçivədə bir sıra uyğunlaşdırmalar aparmalı oldular. Daha sonra investisiya təşviqi sənədləri, vergi qanunvericiliyində dəyişikliklər və bərpa olunan enerji üzrə xüsusi hüquqi baza formalaşdırıldı”, - deyə o qeyd edib.
"Masdar" nümayəndəsinin sözlərinə görə, “Elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunun qəbul edilməsi investisiya mühitinin sabit və şəffaf hala gəlməsində mühüm rol oynayıb.
O əlavə edib ki, enerji keçidinin uğuru üçün şəbəkə infrastrukturu da əsas şərtlərdəndir.
“Bərpa olunan enerji yalnız generasiya ilə məhdudlaşmır. Onun səmərəli inteqrasiyası üçün güclü və balanslaşdırılmış şəbəkə sistemi lazımdır. Azərbaycan bu sahəyə ciddi investisiyalar yönəldib və şəbəkə infrastrukturunu əhəmiyyətli dərəcədə modernləşdirib”, - deyə M.Sadıxov bildirib.
Onun sözlərinə görə, investisiya mühitində mühüm amillərdən biri də maliyyə sabitliyidir. O qeyd edib ki, Azərbaycan uzun illər ərzində sabit iqtisadi mühit və investorlar üçün proqnozlaşdırıla bilən qaydalar formalaşdırıb.
“Hökumət investorlara aydın və açıq qaydalar təqdim edir, investisiyaların qorunması ilə yanaşı, dividendlərin və gəlirlərin sərbəst şəkildə repatriasiyasını təmin edir. Bu da Azərbaycanı investisiya üçün unikal və cəlbedici məkana çevirir”, - deyə o vurğulayıb.
M.Sadıxov əlavə edib ki, bir neçə il əvvəl Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanı 2050-ci ilədək ən cəlbedici 50 investisiya istiqamətindən biri kimi qiymətləndirib.
O, həmçinin qeyd edib ki, ölkədə insan kapitalı və enerji sektorunda formalaşmış təcrübə bərpa olunan enerji sahəsinə keçidi asanlaşdırır.
“Bütün bu proseslərin mərkəzində hökumətin güclü öhdəliyi dayanır və biz bunu Azərbaycanda aydın şəkildə görürük”, - deyə "Masdar" rəsmisi bildirib.
