Bakı. Trend:
Məktəb insana bilik verən sistem olmaqla yanaşı, həm də şəxsiyyət formalaşdıran, məsuliyyət hissini aşılayan və gələcək vətəndaşı yetişdirən mühüm ictimai institutdur. Buna görə də təhsil mühitində vahid yanaşmanın tətbiqi sadəcə geyim məsələsi kimi deyil, ümumi təhsil siyasətinin və akademik mühitin tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Bu barədə Trend-ə açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Elnarə Akimova bildirib.
Onun sözlərinə görə, müasir təhsil sistemlərinin əsas məqsədlərindən biri şagirdlərin diqqətini tədris prosesinə yönəltmək, onları diqqəti yayındıran amillərdən uzaq saxlamaq və məktəbdə sağlam psixoloji mühit formalaşdırmaqdır.
Dünyanın bir çox inkişaf etmiş ölkələrində vahid geyim standartları uzun illərdir uğurla tətbiq olunur
"Vahid yanaşma məhz bu məqsədlərə xidmət edir. O, şagirdlər arasında sosial və maddi fərqlərin nümayişini minimuma endirir, məktəb mühitində bərabərlik hissini gücləndirir və kollektiv ruhun formalaşmasına töhfə verir".
Elnarə Akimova bu istiqamətdə dünya praktikasına da diqqət çəkib. O qeyd edib ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində, o cümlədən Böyük Britaniya, Yaponiya, Sinqapur və Avstraliyada məktəbli geyimi və ya vahid geyim standartları uzun illərdir uğurla tətbiq olunur.
"Beynəlxalq təcrübə göstərir ki, bu yanaşma təhsil müəssisələrində nizam-intizamın möhkəmlənməsinə, akademik mühitin qorunmasına və məktəbin institusional kimliyinin güclənməsinə xidmət edir.
Azərbaycanın təhsil siyasəti də bu baxımdan beynəlxalq təcrübə ilə səsləşir. Təhsil müəssisələri cəmiyyətin qəbul etdiyi etik davranış normalarını, milli-mənəvi dəyərləri və müasir təhsil prinsiplərini özündə birləşdirən xüsusi mühitdir. Bu mühitin qorunması yalnız idarəetmə məsələsi deyil, həm də təhsilin keyfiyyətinə təsir edən vacib amildir.
Bununla yanaşı, müəllimlərlə bağlı məsələyə daha çevik yanaşmaq mümkündür. Müəllimin peşəkarlığını müəyyən edən əsas meyar onun geyiminin forması deyil, biliyi, davranışı, pedaqoji bacarığı və şagirdlər üçün yaratdığı nümunədir. Bu səbəbdən müəllimlər üçün mütləq vahid geyim formasının tətbiqi zəruri hesab edilməyə bilər. Əsas olan onların səliqəli, etik normalara uyğun və peşələrinin nüfuzuna yaraşan şəkildə geyinməsidir. Bir çox ölkələrdə də məhz bu prinsip tətbiq olunur".
Təhsil müəssisələrində vahid yanaşmanın daha sağlam, nizamlı və akademik mühit formalaşdırmaqdır
Elnarə Akimovanın sözlərinə görə, təhsil müəssisələrində vahid yanaşmanın məqsədi fərdiliyi məhdudlaşdırmaq deyil, daha sağlam, nizamlı və akademik mühit formalaşdırmaqdır.
"Şagirdlər üçün vahid standartların tətbiqi təhsil prosesinin səmərəliliyinə xidmət etdiyi kimi, müəllimlər üçün də peşəkar görünüş və etik davranış prinsiplərinin qorunması kifayət qədər əsaslı yanaşma hesab oluna bilər. Güclü təhsil sistemi yalnız qaydalar üzərində deyil, həm də həmin qaydaları nümunəvi şəkildə yaşadan müəllimlər üzərində qurulur", - deputat qeyd edib.
