Bakı. Trend:
Azərbaycan islam maliyyəsinin öz maliyyə sisteminin arxitekturasına inteqrasiyasında qətiyyətlidir.
Trend-in tədbirdən olan müxbirinin məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində Bakıda keçirilən islam maliyyəsi üzrə 20-ci Qlobal Forumda bildirib.
“Biz islam maliyyəsini maliyyə sistemimizin arxitekturasına inteqrasiya etməkdə qətiyyətliyik və gözləyirik ki, islahatlarımız maliyyə bazarlarının dərinləşməsinə və xarici investisiyaların cəlb olunmasına töhfə verəcək. İslam maliyyəsi müxtəlif regionlar üçün birləşdirici maliyyə dili kimi çıxış edərək transsərhəd investisiyalara və özəl sektorun inkişafına dəstək verir. Azərbaycan bu baxışın reallaşdırılmasına öz töhfəsini verməyə hazırdır”, — deyə T.Kazımov bildirib.
O qeyd edib ki, Azərbaycan ESG amillərini öz milli inkişaf strategiyasına inteqrasiya edib.
“Bu baxımdan islam maliyyəsi real sektor fəaliyyətinə verdiyi önəm sayəsində məqsədlərimizlə sıx şəkildə uzlaşır. İslam maliyyəsi ictimai rifaha və etik investisiyalara üstünlük verməklə, həmçinin spekulyasiyalardan və borc köpüklərindən yayınmaqla dayanıqlı inkişafa töhfə verir.
Buna görə də əsas prioritetlərimizdən biri dayanıqlı inkişafa yönəlmiş islam maliyyələşdirmə alətlərinin inkişafına dəstək göstərməkdir. Bu alətlər bütün inkişaf etməkdə olan iqtisadiyyatlar üçün kapitalın səfərbər olunmasına xidmət edir”, — deyə AMB sədri bildirib.
O əlavə edib ki, Azərbaycan Mərkəzi Bankı beynəlxalq tərəfdaşlarla seminarlar və işçi görüşlər təşkil etməklə potensialın artırılmasına dəstək verməkdə, islam maliyyəsinin səmərəli fəaliyyət göstərən ekosisteminin formalaşdırılmasına töhfə göstərməkdə qətiyyətlidir.
