Bakı. Trend:
Azərbaycanın qeyri-neft sektorunun inkişafı və logistika layihələri investisiya cəlbediciliyini artırır.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinə sədri Ülvi Mansurov Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən “Azərbaycan investisiya perspektivləri forumu 2026” tədbirində deyib.
O qeyd edib ki, Azərbaycan iqtisadiyyatı uzun illər neft və qaz sektoru ilə sıx bağlı olsa da, son onillikdə ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılıb: "Bu dövrdə dövlət tərəfindən infrastrukturun genişləndirilməsi, sənaye parklarının yaradılması, eləcə də azad iqtisadi zonaların, o cümlədən Ələt Azad İqtisadi Zonası kimi layihələrin reallaşdırılması iqtisadiyyatın şaxələndirilməsinə xidmət edib. Həyata keçirilən islahatlar və investisiya layihələri Azərbaycanı bilik və xidmətlər iqtisadiyyatına doğru yönəldir".
O əlavə edib ki, ölkədə logistika şəbəkələrinin, xüsusilə Şimal dəhlizi və Orta Dəhliz kimi beynəlxalq nəqliyyat marşrutlarının inkişafı Azərbaycanın investisiya cəlbediciliyini artırır.
Onun sözlərinə görə, son illərdə biznes mühitinin yaxşılaşdırılması məqsədilə bir sıra yeni tənzimləyici dəyişikliklər həyata keçirilib, həm yerli, həm də xarici investorların fəaliyyətini stimullaşdıran mexanizmlər tətbiq olunub:
"Dövlət tərəfindən subsidiyalar, güzəştli kreditlər və müxtəlif maliyyə dəstək mexanizmləri vasitəsilə sahibkarlığın inkişafı təşviq edilir. Əsas məqsəd təkcə maliyyə dəstəyi deyil, həm də dayanıqlı infrastrukturun və əlverişli normativ-hüquqi mühitin formalaşdırılmasıdır".
