Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı Səfirliyi və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə Şeyx Zayed adına Ərəb dili Auditoriyasında “BƏƏ tolerantlığı: köklü bir irs və dayanıqlı bir baxış” adlı tədbir keçirilib.
Bu barədə Trend-in tədbirdə iştirak edən müxbiri məlumat verib.
Tədbiri giriş sözü ilə açan Şeyx Zayed adına Ərəb dili Auditoriyasının direktoru Ülviyyə Hüseynova qonaqları salamlayaraq, mərkəzin iki ölkə arasındakı mədəni-humanitar əlaqələrin inkişafındakı rolunu qeyd edib. Daha sonra çıxış edən Səfirliyin birinci katibi Dr. Bədriyyə Əlşihhi BƏƏ rəhbərliyinin humanitar fəaliyyəti milli məsuliyyət kimi gördüyünü bildirib. Diplomat vurğulayıb ki, Dövlət Başçısı Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın göstərişləri sayəsində BƏƏ qlobal yoxsulluğun azaldılmasında və sülhün bərqərar olunmasında donor ölkə kimi ön sıralardadır. O, BƏƏ-nin dünyada tolerantlıq paytaxtına çevrildiyini və ölkədən dünyaya sülh missiyalarının yayıldığını diqqətə çatdırıb.
Tədbirin davamında ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru
Jalə Qəribova çıxış edərək rəsmi tərəfdaşlıqdan məmnunluğunu ifadə
edib. Prorektor tolerantlıq və multikulturalizmin həm Azərbaycan,
həm də BƏƏ üçün ortaq təməl prinsip olduğunu və bu cür
platformaların tələbələr üçün böyük əhəmiyyət kəsb etdiyini
vurğulayıb. Rəsmi hissənin sonunda BƏƏ Tolerantlıq və Birgəyaşayış
nazirinin müşaviri Raşid Əl Nəimi dövlət siyasətində dözümlülük və
sülh mədəniyyətinin əhəmiyyətini vurğulayıb.
