İƏT ölkələri halal iqtisadiyyatın potensialından daha fəal istifadə etməlidir - Zehra Selçuk

İqtisadiyyat Materials 16 İyun 2026 11:06 (UTC +04:00)
İƏT ölkələri halal iqtisadiyyatın potensialından daha fəal istifadə etməlidir - Zehra Selçuk
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr halal məhsullara sürətlə artan tələbatı yeni investisiyalara, ixrac imkanlarına və dayanıqlı iqtisadi inkişafa çevirmək üçün koordinasiya və inteqrasiyanı gücləndirməlidirlər.

Trend-in tədbirdə iştirak edən müxbirinin məlumatına görə, bunu Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 14-cü Özəl Sektor Forumu çərçivəsində Türkiyənin sabiq naziri, İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələri üzrə Statistika, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) baş direktoru Zehra Zümrüt Selçuk deyib.

Onun sözlərinə görə, regional əməkdaşlıq institutları İƏT məkanında halal iqtisadiyyat ekosisteminin inkişafında strateji rol oynaya bilər.

“Biz mövcud potensialın koordinasiyalı fəaliyyətə, yeni tərəfdaşlıqlara və dayanıqlı inkişaf sahəsində real nəticələrə çevrilməsində üzv dövlətlərimizi dəstəkləmək üçün məsuliyyət daşıyırıq. Regional əməkdaşlıq institutları İƏT ölkələri arasında ekosistemlərin inteqrasiyasının dərinləşdirilməsində əsas rol oynaya bilər”, - deyə o bildirib.

Selçuk qeyd edib ki, halal iqtisadiyyat bu gün islam maliyyəsini, halal qida məhsullarının istehsalı və ticarətini, əczaçılıq sənayesini, logistikanı və digər sahələri əhatə edən çoxtrilyonluq ekosistemdir.

SESRIC-in baş direktoru, həmçinin İƏT ölkələrinin bu sektorun inkişafındakı xüsusi roluna diqqət çəkib.

Onun sözlərinə görə, təşkilata üzv dövlətlərin payına dünya müsəlman əhalisinin təxminən 81 faizi düşür, regionun özü isə qlobal halal məhsullar bazarının təxminən 80 faizini formalaşdırır.

“Belə demoqrafik və iqtisadi baza yalnız dayanıqlı tələbatı təmin etmir, həm də sənaye inkişafı, istehsal-təchizat zəncirlərinin inteqrasiyası və regional əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır”, - deyə Selçuk bildirib.

O vurğulayıb ki, halal iqtisadiyyatın gələcək artımı ölkələrin ticarət, investisiya, əmək bazarı, məhsulların standartlaşdırılması və sertifikatlaşdırılması, eləcə də kiçik və orta sahibkarlığın dəstəklənməsi sahələrində daha sıx qarşılıqlı fəaliyyət qurmaq qabiliyyətindən asılı olacaq.

“Bizim vəzifəmiz artıq mövcud olan tələbatı daha yüksək istehsal güclərinə, ixracın artmasına, investisiyaların cəlbinə, keyfiyyətli iş yerlərinin yaradılmasına və regional inteqrasiyanın dərinləşməsinə çevirməkdir. Halal iqtisadiyyatın gələcəyi bu elementləri vahid və əlaqələndirilmiş ekosistemdə nə dərəcədə effektiv birləşdirə biləcəyimizdən asılıdır”, - deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti