Ağcabədi. Trend:
Son illər rayonda taxılçılıqda əldə olunan məhsuldarlıq artımının əsas səbəblərindən biri Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən toxum yarmarkaları və festivallarıdır.
Trend-in Qarabağ bürosunun məlumatına görə, bunu Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Ağcabədi rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsinə həsr olunmuş Qarabağ iqtisadi rayonu üzrə regional müşavirədə deyib.
Onun sözlərinə görə, fermerlərin yüksək keyfiyyətli, rayonlaşdırılmış və sertifikatlı toxumlara çıxışının genişlənməsi nəticəsində əhali sektorunda məhsuldarlıq 2 dəfəyədək artıb.
R.Hüseynov qeyd edib ki, hazırda rayonda bütün əkin sahələrinin 16 faizi, taxıl əkinlərinin isə 26 faizi müasir suvarma sistemləri ilə təmin olunub. Kiçik təsərrüfatlarda 2 min hektardan artıq sahədə damcı və çiləmə suvarma texnologiyalarından istifadə edilir. Onun sözlərinə görə, gələn il daha 5 min hektar ərazidə Pivot tipli müasir suvarma sistemləri quraşdırılacaq.
İcra başçısı vurğulayıb ki, Prezident İlham Əliyevin müəyyən etdiyi 300 min hektarlıq müasir suvarma sistemləri hədəfinə Ağcabədi ən böyük töhfə verən rayonlardan biri olacaq. O əlavə edib ki, Qarabağ kanalının yenidən qurulması rayonun su təminatında mühüm dönüş yaradacaq.
R.Hüseynov pambıqçılıq sahəsində qarşıya qoyulan əsas məqsədin məhsuldarlığı hər hektardan 50 sentnerə çatdırmaq olduğunu bildirib. Onun sözlərinə görə, “Prime Cotton” MMC-nin Ağcabədi filialı ötən il hər hektardan orta hesabla 41 sentner pambıq əldə edib, 298 fermer isə 45 sentnerdən çox məhsuldarlıq göstəricisinə nail olub.
O qeyd edib ki, məhsuldarlığın artmasına baxmayaraq, yerli şəraitə uyğun olmayan toxumlardan istifadə, zərərvericilər, texnika çatışmazlıqları, defolyasiya və yığım zamanı itkilər ümumi nəticələrə mənfi təsir göstərir.
İcra başçısının sözlərinə görə, hər hektardan 50 sentner pambıq əldə edildikdə məhsulun dəyəri təxminən 5 min manat təşkil edir. Bununla yanaşı, alaq otları ilə mübarizə bəzi illərdə istehsal xərclərinin 25-30 faizini təşkil edir. Bu səbəbdən müasir pestisidlərdən, xüsusi aqreqatlardan və dron texnologiyalarından istifadənin genişləndirilməsi vacib hesab olunur.
R.Hüseynov bildirib ki, Ağcabədidə pambıq mahlıcından iplik və toxuculuq məhsulları istehsal edən müəssisələrin, bitki yağları və meyvə-tərəvəz məhsullarının saxlanması üçün soyuducu anbar komplekslərinin, eləcə də intensiv bağçılıq təsərrüfatlarının yaradılması prioritet istiqamətlər sırasındadır.
O əlavə edib ki, yeni investisiya layihələrinin həyata keçirilməsi zamanı sahibkarlara dövlətin güzəştli kredit və subsidiya mexanizmlərindən səmərəli istifadə etmələri üçün hərtərəfli dəstək göstəriləcək.
