Dağ yəhudilərinin musiqi irsinə həsr olunan tədbir təşkil olunub (FOTO)

Cəmiyyət Materials 15 İyun 2026 21:21 (UTC +04:00)
Dağ yəhudilərinin musiqi irsinə həsr olunan tədbir təşkil olunub (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 15-də “STMEGİ” Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun və Dağ Yəhudilərinin İrsi Mərkəzinin birgə təşkilatçılığı ilə Qubanın Qırmızı Qəsəbə ərazisində yerləşən Dağ Yəhudiləri Muzeyində “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı xüsusi fotosərgi və konsert proqramı təşkil olunub.

Sərginin keçirilməsinin əsas məqsədi dağ yəhudilərinin əsrlər boyu qorunub saxlanılan, nəsildən-nəsilə ötürülən, yerli icmanın mənəvi və mədəni dəyərlərinin formalaşmasında mühüm rol oynayan zəngin mədəniyyətini və musiqi irsini nümayiş etdirməkdir.

Tədbirdə millət vəkilləri, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, yerli icra hakimiyyəti orqanlarının rəsmiləri və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Dağ Yəhudilərinin İrsi Mərkəzinin direktoru İgor Şaulov dağ yəhudilərinin musiqi irsinin təkcə bir icmanın mədəni sərvəti deyil, həm də Azərbaycanın multikultural dəyərlərinin və zəngin mədəni müxtəlifliyinin ayrılmaz bir paraçası olduğunu bildirib. O, Qırmızı Qəsəbənin tolerantlığın, multikulturalizmin və birgəyaşayış ənənələrinin canlı simvolu olduğunu vurğulayaraq bu formatlı tədbirlərin xalqlar arasında mədəni dialoqun və qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə xidmət etdiyini qeyd edib. Çıxışının sonunda İqor Şaulov tədbirin təşkilində xüsusi rol oynayan “STMEGİ” Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fonduna təşəkkür edərək dağ yəhudilərinin tarixini, adət-ənənələrini və musiqi mədəniyyətini gənc nəslə çatdırmaq üçün bu formatlı tədbirlərin gələcəkdə də davamlı təşkil olunacağını qeyd edib.

Tədbir çərçivəsində ziyarətçilərə Dağ Yəhudilərinin musiqi mədəniyyətinin inkişafının müxtəlif mərhələlərini əks etdirən tematik fotosərgi nümayiş olunub.

Bununla yanaşı sərgidə İsraildən xüsusi dəvət olunan “Jerusalem Cantors Choir” ansablının yəhudi musiqi ənənələrini özündə əks etdirən musiqi kompozisiyaları təqdim olunub.

Tədbir çərçivəsində rəsmilər və diplomatik nümayəndələr üçün Qırmızı Qəsəbəyə tanışlıq səfəri təşkil olunub.

Xəbər lenti

Xəbər lenti