Bakı. Trend:
Konqo Demokratik Respublikasında laboratoriya müayinələri ilə təsdiqlənmiş “Ebola” virusuna yoluxma hallarının sayı 782-yə çatıb, 181 nəfər isə həyatını itirib.
Bu barədə Konqonun Rabitə və Media Nazirliyi gündəlik bülletenində məlumat yayıb.
Məlumata görə, hazırkı epidemiya dövründə yoluxma və ölüm göstəricilərində indiyədək qeydə alınan ən böyük artım müşahidə olunub. Son 24 saat ərzində 72 yeni yoluxma halı aşkarlanıb, 32 nəfər isə vəfat edib.
Bundan əlavə, İturi və Şimali Kivu əyalətlərində daha iki rayonda “Ebola” virusuna yoluxma halları qeydə alınıb.
Qeyd edək ki, hazırkı “Ebola” epidemiyası mayın 15-də Konqo Demokratik Respublikasının şərqində başlayıb. Epidemiyanın episentri İturi əyalətidir. Qonşu Uqandada da “Ebola” virusuna yoluxma və ölüm halları qeydə alınıb.