Bakı. Trend:
Kiprdə yaşayan və ada hakimiyyəti tərəfindən terror fəaliyyətində ittiham olunan şəxs terrorizm və cinayətkar təşkilatda iştirak ittihamları ilə bağlı apelyasiya şikayətinə baxan Larnaka Rayon Məhkəməsinin qərarına əsasən, 1 milyon avro girov müqabilində azadlığa buraxılıb.
Xarici media yazır ki, məhkəmə şikayətə cavab olaraq verdiyi qərarda bildirib ki, 57 yaşlı şəxsə qarşı irəli sürülən və onun bu işlə əlaqəsi olduğu iddia edilən bütün dəlillər zəif əsaslandırılıb. Buna görə də, onun həbsi ilə bağlı vəsatət rədd edilir və xüsusi şərtlər tətbiq edilir.
Azadlığa çıxmaq üçün təqsirləndirilən şəxsdən etibarlı zaminlərin adını çəkərək 1 milyon avroluq girov müqaviləsi imzalamalı idi. O, həmçinin bütün səyahət sənədlərini adanın hakimiyyət orqanlarına təhvil verib və həftədə dörd dəfə polis bölməsinə getməli olacaq.
Təqsirləndirilən şəxs 40 ildir Kiprdə yaşayır və dörd uşaq atasıdır. Onlardan biri Kipr polisində xidmət edir və Kipr mediasının məlumatına görə, hüquq-mühafizə orqanlarının məlumat bazalarına çıxışı var. Digər üçü isə ada ölkəsinin Milli Qvardiyasında müqavilə əsasında xidmət edir. Təqsirləndirilən şəxs qohumları şübhəli materiallar olan bağlamalar aldıqdan sonra istintaqın diqqət mərkəzinə çevrilib. Əvvəlcə o, böyük qardaşı ilə birlikdə saxlanılıb, lakin sonuncu sübut çatışmazlığı səbəbindən sərbəst buraxılıb.
Kipr mediası bildirir ki, iş üzrə təqsirləndirilən şəxslərdən üçünü Fələstin əsillidir və HƏMAS ilə əlaqəsi ola bilər, 57 yaşlı şübhəlinin isə Kipr pasportu var. Müstəntiqlər hesab edirlər ki, 24 mayda adada həbs olunan 32 və 38 yaşlı digər iki təqsirləndirilən şəxs Kiprdə israillilərə qarşı terror hücumları planlaşdırırdılar. Daha əvvəl onların Malayziyadakı HƏMAS düşərgəsində təlim keçdikləri bildirilirdi.
