Bakı. Trend:
Bu ilin birinci rübündə Azərbaycanın ilkin gəlirlər balansı profisitlə formalaşıb. Yəni təxminən 38 milyon dollarlıq profisit qeydə alınıb.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqə deyib.
"Biz bir çox hallarda qeyd edirdik ki, ölkədən portfel investisiyalarının çıxılması, yəni portfel investisiya formasında xaricdən qiymətli kağızların alınması növbəti dövrlərdə bizim gəlirlərimizi artıracaq. Bu ilin birinci rübündə ilkin gəlirlər balansının profisitini şərtləndirən ən vacib elementlərdən biri qiymətli kağızlar portfelindən əldə olunan faiz gəlirləridir. Bu dövrdə qiymətli kağızlar portfelindən faiz gəlirlərimiz xalis olaraq 234 milyon dollar təşkil edib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 50% çoxdur", - o bildirib.
