Bakı. Trend:
İslam İnkişaf Bankı (İİB) üzv ölkələrin təhsil, bacarıqlar, innovasiyalar və gənclər üçün imkanlara investisiyaları üçün güclü platforma yaradır.
Trend-in tədbirdə olan müxbiri xəbər verir ki, bunu Bakı şəhərində İİB Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən “Sərhədsiz gənclik: ortaq regional rifahın təmin edilməsi” adlı tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov deyib.
“İİB-nin inkişaf, əməkdaşlıq və insan kapitalına yönəlməsi üzv ölkələr üçün təhsil, bacarıqlar, innovasiyalar və gənclər üçün imkanlara investisiya baxımından güclü platforma yaradır.
Bu cür forumlar ortaq çağırışları ortaq həllərə çevirməyə və regionlar arasında yeni körpülər qurmağa kömək edir”, – deyə o bildirib.
Ədalət Muradov qeyd edib ki, UNEC bu konsepsiyaya akademik tərəfdaşlıqlar, rəqəmsal təhsil, süni intellektin inteqrasiyası, tələbə mübadiləsi, elmi-tədqiqat əməkdaşlığı və xarici tələbələrə dəstək vasitəsilə töhfə verməyə hazırdır.
“Biz inanırıq ki, regional rifah təhsilli, ixtisaslı, innovativ və beynəlxalq əlaqələrə malik gənclər hesabına təmin olunacaq. Azərbaycan bu sahədə mühüm təcrübəyə malikdir”, – deyə rektor vurğulayıb.
