Müasir suvarma sahələrinin 300 min hektara çatdırılması planlaşdırılır - Zaur Əliyev

İqtisadiyyat Materials 16 İyun 2026 11:35 (UTC +04:00)
Müasir suvarma sahələrinin 300 min hektara çatdırılması planlaşdırılır - Zaur Əliyev
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

2030-cu ilədək müasir suvarma sahələrinin 300 min hektara çatdırılması planlaşdırılır.

Trend-in Qarabağ bürosu xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Ağcabədi rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsinə həsr olunmuş Qarabağ iqtisadi rayonu üzrə regional müşavirədə deyib.

Zaur Əliyevin sözlərinə görə, proqram çərçivəsində buğda istehsalının artırılması, müasir suvarma sistemlərinin genişləndirilməsi, intensiv bağçılığın və heyvandarlığın inkişafı əsas prioritetlər kimi müəyyən olunub.

Nazir müavini bildirib ki, buğda istehsalı üzrə 22 rayon hədəf rayon kimi seçilib və həmin ərazilərdə orta məhsuldarlığın 50 sentnerə çatdırılması nəzərdə tutulur. Bundan əlavə, 8 perspektiv rayonda meliorativ tədbirlər hesabına məhsuldarlığın artırılması planlaşdırılır.

O qeyd edib ki, hazırda ölkədə müasir suvarma sistemləri ilə təmin olunan sahələrin həcmi 130 min hektar təşkil edir. Dövlət Proqramına əsasən, 2030-cu ilədək bu göstəricinin 300 min hektara çatdırılması nəzərdə tutulur.

"Fermerlərin müasir suvarma sistemlərinə keçidini sürətləndirmək məqsədilə güzəştli satış, kredit dəstəyi və əlavə subsidiya mexanizmləri tətbiq ediləcək.

Proqram çərçivəsində 22 rayonda 84,9 min hektar sahədə lazer hamarlama texnologiyasının tətbiqi planlaşdırılır. Bundan başqa, 150 min ton əlavə taxıl silosu və 100 min ton əlavə soyuducu anbar tutumunun yaradılması üçün dəstək mexanizmləri hazırlanacaq".

Onun sözlərinə görə, heyvandarlıq sektorunda da mühüm hədəflər müəyyən olunub. Belə ki, 2030-cu ilədək süd istehsalının 10 faiz, mal əti istehsalının isə 20 faizdən çox artırılması, cins heyvanların sürüdə payının əhəmiyyətli dərəcədə yüksəldilməsi nəzərdə tutulur.

"Dövlət Proqramının əsas məqsədi mövcud torpaq və su resurslarından daha səmərəli istifadə etməklə aqrar sektorda məhsuldarlığı, əlavə dəyəri və rəqabət qabiliyyətini artırmaqdır",-deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti