Bakı.Trend:
Azərbaycan və Monqolustan arasında 2026-cı il üçün əlavə olaraq ikitərəfli daşımalar üzrə 2 000, tranzit daşımalar üzrə 250, üçüncü ölkəyə/ölkədən daşımalar üzrə isə 400 icazə blankının mübadiləsi həyata keçiriləcək.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Bakıda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə Monqolustanın Yol və Nəqliyyat Nazirliyinin Avtomobil Nəqliyyatı Siyasətinin Əlaqələndirilməsi Departamenti arasında beynəlxalq avtomobil daşımaları sahəsində tarixdə ilk ikitərəfli görüş keçirilib.
Görüşdə Dövlət Gömrük Komitəsinin, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) və milli daşıyıcıların nümayəndələri iştirak ediblər.
Müzakirələr zamanı Azərbaycan və Monqolustan arasında beynəlxalq
avtomobil yük daşımalarının mövcud vəziyyəti, tranzit potensialı,
əməkdaşlığın genişləndirilməsi və daşıyıcıların qarşılaşdıqları
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün yekununda beynəlxalq yük daşımalarının inkişafına təkan
verəcək mühüm razılaşmalar əldə olunub. Qərara əsasən, 2026-cı il
üçün əlavə olaraq ikitərəfli daşımalar üzrə 2 000, tranzit
daşımalar üzrə 250, üçüncü ölkəyə/ölkədən daşımalar üzrə isə 400
icazə blankının mübadiləsi həyata keçiriləcək.
Bununla yanaşı, 2027-ci il üzrə ilkin icazə kvotası ikitərəfli
daşımalar üçün 2 000, tranzit daşımalar üçün 250, üçüncü
ölkəyə/ölkədən daşımalar üçün 450 ədəd müəyyən edilib. Beləliklə,
iki ölkə arasında beynəlxalq yük daşımaları üçün qarşılıqlı
mübadilə olunan icazə blanklarının sayı əvvəlki dövrlə müqayisədə
10 dəfə artırılıb.
Tərəflər, həmçinin cari və növbəti illər ərzində daşıyıcıların
icazə blanklarına olan tələbatının tam təmin ediləcəyini
bildiriblər.
Görüş çərçivəsində icazə blanklarının mübadiləsi və istifadəsinin
elektronlaşdırılması istiqamətində də mühüm razılıq əldə olunub. Bu
məqsədlə birgə texniki işçi qrupunun yaradılması və iyulun 1-dən
layihə üzrə işlərə başlanılması planlaşdırılır.
Elektron sistemin tətbiqi icazələrin əldə olunması və istifadəsi
prosesini sadələşdirəcək, əməliyyat xərclərini və vaxt itkilərini
azaldacaq, daşımaların daha şəffaf və operativ həyata keçirilməsinə
imkan yaradacaq.
Beynəlxalq yük daşımaları zamanı yaranan məsələlərin operativ həlli
üçün aidiyyəti qurumlar arasında birbaşa və çevik əlaqələndirmə
mexanizminin tətbiqi barədə də razılığa gəlinib.
