Bakı. Trend:
İslam İnkişaf Bankı (İİB) Qrupu bu gün rəsmi olaraq 2026-cı il üzrə İllik Toplantılarına Bakıda start verib.
Bu barədə bankın rəsmi bəyanatında qeyd olunub.
“Davamlı rifah naminə regional inteqrasiya” şüarı altında keçirilən tədbir – qlobal Cənubun AAA kredit reytinqinə malik çoxtərəfli inkişaf institutu olan İİB Qrupunun əsas tədbiri – təşkilatın 57 üzv ölkəsindən və digər dövlətlərdən gələn dövlət rəsmilərini, inkişaf üzrə ekspertləri və maliyyə liderlərini bir araya toplayıb.
Cari toplantıların mövzusu regional inteqrasiyanın davamlı inkişaf və ümumi rifah üçün əsas amillərdən biri kimi artan rolunu əks etdirir. Bu yanaşma İİB Qrupunun 2026–2035-ci illəri əhatə edən Onillik Strateji Çərçivə Proqramına da uyğundur. Həmin sənəddə regional inteqrasiya inklüziv, dayanıqlı və davamlı inkişafın əsas istiqamətlərindən biri kimi müəyyən edilib.
Azərbaycan son 15 ildə ikinci dəfə İİB Qrupunun əsas beynəlxalq tədbirinə ev sahibliyi edir. İlk dəfə illik toplantılar 2010-cu ildə Bakıda keçirilib.
Forumda maliyyə, iqtisadiyyat, planlaşdırma və beynəlxalq inkişaf nazirləri, aparıcı beynəlxalq maliyyə institutlarının rəhbərləri, qlobal inkişaf təşkilatlarının və strateji tərəfdaşların nümayəndələri iştirak edirlər. Toplantılar dayanıqlı sosial-iqtisadi inkişafla bağlı dialoq, əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsi üçün nüfuzlu platforma rolunu oynayır.
Görüşlər çərçivəsində inkişaf sahəsində mövcud çağırışlar və imkanlar üzrə geniş müzakirələr aparılacaq, qlobal uzunmüddətli artım və sabitliyə töhfə verəcək innovativ və praktiki həllərin tapılmasına xüsusi diqqət yetiriləcək.
Proqram çərçivəsində İdarəetmə Şurasının iclasları, İİB Qrupunun prezidenti ilə “Fireside Chat” formatında görüş, İdarəedicilərin Dialoqu, İİB Qrupunun Özəl Sektor Forumu, Çoxtərəfli İnkişaf Banklarının Biznes Forumu, Ərəb Koordinasiya Qrupunun Özəl Sektor Sessiyası, həmçinin yüksək səviyyəli dəyirmi masalar, tematik müzakirələr, sərgilər, işgüzar görüşlər və bilik mübadiləsi tədbirləri yer alır.
İştirakçıların diqqət mərkəzində İslam maliyyələşməsi, gənclərin məşğulluğu, xarici çağırışlara və iqlim dəyişikliyinə dayanıqlılığın artırılması, halal ekosistemin inkişafı, enerji inteqrasiyası, ticarət və nəqliyyat-logistika əlaqələri, süni intellekt və rəqəmsal iqtisadiyyat, innovasiya və startaplar, sukuk emissiyası, sanitar-epidemioloji təhlükəsizlik, sosial müdafiə sistemlərinin təkmilləşdirilməsi və digər prioritet istiqamətlər olacaq.
