Bakı. Trend:
Halal sənayesi qlobal iqtisadi artımın əsas istiqamətlərindən biridir.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Malayziyanın Xarici Ticarətin İnkişafı Korporasiyasının (MATRADE) baş direktoru Raja Badrulnizam Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən “İnnovasiya, etibar və qlobal inkişafı irəli aparan halal sənayesinin liderləri” adlı tədbirdə deyib.
O bildirib ki, Malayziyada halal sənayesinin inkişafı əvvəlcə daxili bazarın ehtiyaclarından başlayıb, daha sonra isə beynəlxalq istiqamətə yönəlib.
“Malayziyanın kiçik əhalisi var idi və biz bu sahəni ilkin mərhələdə daxili bazar üçün inkişaf etdirirdik. Lakin sonradan halal sənayesinin xarici bazarlara çıxarılması zərurəti yarandı. Bu proses dövlətin siyasi iradəsi ilə başladı və nəticədə halal üzrə güclü siyasət çərçivəsi formalaşdırıldı”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, hazırda Malayziya “Halal Master Plan 2030” strategiyası əsasında fəaliyyət göstərir və bu sənəd ölkənin iqtisadi inkişafında halal sektorunun əsas istiqamətlərini müəyyən edir.
Raja Badrulnizam əlavə edib ki, halal sənayesinin inkişafı dövlət qurumları, standartlaşdırma orqanları, ərzaq təhlükəsizliyi strukturları və özəl sektor arasında sıx əməkdaşlıq nəticəsində mümkün olub. Onun sözlərinə görə, bu model beynəlxalq etibarın formalaşmasında mühüm rol oynayıb.
O, həmçinin qeyd edib ki, Malayziyada keçirilən “Malaysia International Halal Showcase (MIHAS)” sərgisi artıq dünyanın ən böyük halal sərgisi hesab olunur.
“Biz hər il MIHAS çərçivəsində onlarla ölkədən alıcıları cəlb edirik. Bu platforma vasitəsilə qlobal ticarət əlaqələrini genişləndiririk və halal məhsulların beynəlxalq bazarlara çıxışını təmin edirik”, – deyə o bildirib.
MATRADE rəhbəri vurğulayıb ki, Malayziya İslam İnkişaf Bankı (İİB) ilə əməkdaşlıq çərçivəsində “Reverse Linkage” proqramı vasitəsilə bir sıra ölkələrlə təcrübə mübadiləsi aparır.
Onun sözlərinə görə, ölkənin halal standartları və
sertifikatlaşdırma sistemi beynəlxalq səviyyədə yüksək etibara
malikdir və bu da Malayziya məhsullarının qlobal bazarlarda rəqabət
qabiliyyətini artırır.
Raja Badrulnizam əlavə edib ki, ölkənin 47 xarici ofisi vasitəsilə
ixracatçılara dəstək göstərilir, eyni zamanda halal sənayesinin
inkişafı üçün güclü ekosistem formalaşdırılıb.
O qeyd edib ki, bu ekosistem Malayziyanın qlobal halal bazarında mövqeyini gücləndirən əsas amillərdən biridir.
