ICESCO ilə İslam İnkişaf Bankı arasında memorandum imzalanacaq

İqtisadiyyat Materials 16 İyun 2026 12:07 (UTC +04:00)
ICESCO ilə İslam İnkişaf Bankı arasında memorandum imzalanacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

ICESCO ilə İslam İnkişaf Bankı arasında anlaşma memorandumunun imzalanması nəzərdə tutulur.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu ICESCO-nun Tərəfdaşlıqlar və Beynəlxalq Əməkdaşlıq Sektorunun rəhbəri Amira El Fadil Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən “İnnovasiya, etibar və qlobal inkişafı irəli aparan halal sənayesinin liderləri” adlı tədbirdə deyib.

O bildirib ki, halal sənayesi İslam dünyası və müsəlman ölkələri üçün böyük iqtisadi imkanlar yaradır.

“ICESCO-nun 54 üzv dövləti var. Hazırda bir sıra qeyri-müsəlman ölkələr də təşkilatda müşahidəçi statusuna malikdir. Belə geniş üzvlük imkanları bizə üzv dövlətlərlə və onların hökumətləri ilə əməkdaşlığı gücləndirməyə, xüsusilə də İslam ölkələrində gənclər üçün yeni imkanlar yaratmağa şərait yaradır”, – deyə o vurğulayıb.

Amira El Fadil qeyd edib ki, ICESCO gənclərin və qadınların imkanlarının genişləndirilməsinə xüsusi diqqət yetirir. Onun sözlərinə görə, təşkilat təhsil, mədəniyyət və elm kimi əsas fəaliyyət istiqamətlərindən istifadə etməklə halal sənayesində daha fəal rol oynamağa çalışır.

O bildirib ki, son dörd il ərzində ICESCO halal sənayesi sahəsində fəaliyyətini əhəmiyyətli dərəcədə genişləndirib.

“Bu istiqamətdə aparıcı rolu təşkilatın elm və texnologiyalar sektoru oynayır. Həmin sektor təhsil və mədəniyyət sahələri ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Halal sənayesinə mədəni aspektdən yanaşdıqda görürük ki, bu sahə müsəlman dəyərləri və mədəniyyəti əsasında formalaşıb”, – deyə o əlavə edib.

ICESCO rəsmisi qeyd edib ki, təşkilat İslam İnkişaf Bankının tərəfdaş qurumu kimi halal sənayesində əməkdaşlığın genişləndirilməsi üzərində işləyir.

“Hazırda ICESCO ilə İslam İnkişaf Bankı arasında anlaşma memorandumunun imzalanması nəzərdə tutulur. Yaxın zamanda bu sənədin imzalanacağını gözləyirik. Əsas layihələrdən biri halal sənayesində imkanların artırılması və əməkdaşlığın gücləndirilməsidir”, – deyə o bildirib.

Amira El Fadilin sözlərinə görə, ICESCO 2022-ci ildən etibarən təhsil sektoru vasitəsilə bu sahədə fəal iş aparır.

“Biz rəhbər komitə ilə bir sıra görüşlər keçirmişik, təşəbbüslər təhsil nazirlərinə təqdim olunub. Üzv dövlətlərdə seminarlar, təlim proqramları təşkil edilir. Məqsəd halal sənayesinin mahiyyətini, bu sahədə fəaliyyət göstərən əsas qurum və təşkilatları daha yaxşı tanıtmaq, hökumətlər, ictimaiyyət və qeyri-hökumət təşkilatları arasında maarifləndirməni gücləndirməkdir”, – deyə o vurğulayıb.

O əlavə edib ki, ICESCO Mərakeşdə və digər üzv ölkələrdə çoxsaylı tədbirlər təşkil edib. Tədbirlərdə dövlət qurumları ilə yanaşı, özəl sektor və kiçik və orta biznes nümayəndələri də iştirak edirlər.

“Hazırda biz üzv dövlətlərdə özəl sektor və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı davam etdiririk”, – deyə Amira El Fadil bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti