Halal sənayesi 5 trilyon dollarlıq qlobal bazara çevrilir - MATRADE rəsmisi

İqtisadiyyat Materials 16 İyun 2026 12:37 (UTC +04:00)
Halal sənayesi 5 trilyon dollarlıq qlobal bazara çevrilir - MATRADE rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Halal sənayesi 3,5 trilyon dollarlıq bazardır və 2030-cu ilə qədər bu rəqəmin 5 trilyon dollara çatacağı gözlənilir. Bu, çox böyük iqtisadi imkanlar deməkdir.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Malayziyanın Xarici Ticarətin İnkişafı Korporasiyasının (MATRADE) baş direktoru Raja Badrulnizam Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən “İnnovasiya, etibar və qlobal inkişafı irəli aparan halal sənayesinin liderləri” adlı tədbirdə deyib.

O bildirib ki, qlobal inkişaf kontekstində hər bir ölkə və biznes subyekti fəaliyyətə ilk gündən qlobal bazarı nəzərə alaraq başlamalıdır.

Onun sözlərinə görə, kiçik və orta sahibkarlıq subyektləri (KOB) düzgün şəkildə hazırlanmalı, tənzimləyici çərçivələr gücləndirilməli və dövlət-özəl sektor əməkdaşlığı genişləndirilməlidir.

Raja Badrulnizam vurğulayıb ki, halal sertifikatlaşdırma mühüm rol oynasa da, bu sahə təkcə sertifikatlaşdırma ilə məhdudlaşmır.

“Burada əsas məqam məhsul standartları, etiketləmə, sınaqdan keçirmə və bazar tələblərinə uyğunluqdur”, - deyə o bildirib.

MATRADE rəhbəri qeyd edib ki, təşkilat özünün 47 xarici ofisi vasitəsilə KOB-ləri bazar tələbləri, giriş şərtləri və marketinq imkanları barədə məlumatlandırır.

Onun sözlərinə görə, İslam İnkişaf Bankı (İİB) ilə “Reverse Linkage” proqramı çərçivəsində əməkdaşlıq da bu istiqamətdə mühüm rol oynayır.

O əlavə edib ki, istehsalçılar yalnız məhsul hazırlamaqla kifayətlənməməli, eyni zamanda hədəf bazarların tələblərini dərindən öyrənməlidirlər.

Raja Badrulnizam vurğulayıb ki, bu gün istehlakçıların etik və məsuliyyətli istehlaka marağı artıb və halal sənayesi bu istiqamətdə mühüm rol oynaya bilər.

“Halal standartları HACCP və digər beynəlxalq tələbləri də əhatə etməli, həmçinin "toyibban" – yəni təmiz və keyfiyyətli məhsul prinsiplərinə uyğun olmalıdır”, – deyə o bildirib.

O, çıxışının sonunda keyfiyyət və davamlılığın ixrac sahəsində əsas uğur amili olduğunu qeyd edib.

“İxrac biznesində uğur üçün keyfiyyət, davamlılıq, şəffaflıq, etibar və düzgün sertifikatlaşdırma standartları əsas şərtlərdir”, - deyə MATRADE baş direktoru əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti