Bakı. Trend:
Gənclər siyasəti Azərbaycanın əsas prioritetlərindən biridir.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Azərbaycan gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən “Sərhədsiz gənclik: ortaq regional rifahın təmin edilməsi” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycan gənclər ölkəsidir: əhalinin təxminən 22 faizini 14–29 yaş arası vətəndaşlar təşkil edir.
Azərbaycan qanunvericiliyinə əsasən, 14–29 yaş arası şəxslər gənc hesab olunur. Uşaqlarla birlikdə isə bu qrup əhalinin yarıdan çoxunu təşkil edir.
“Azərbaycan ənənəvi olaraq gənclər ölkəsi kimi tanınır. Məhz buna görə gənclər siyasəti hökumətimizin əsas prioritetlərindən biridir”, – deyə Fərhad Hacıyev bildirib.
F. Hacıyevin sözlərinə görə, ölkədə demək olar ki, hər il gənclərin inkişafı ilə bağlı yeni proqram mərhələsinə start verilir.
“Azərbaycanda təxminən 4 min qeyri-hökumət təşkilatı fəaliyyət göstərir və onların ən aktiv hissəsini gənclər təşkilatları təşkil edir”, – deyə nazir müavini qeyd edib.
