Su resurslarının idarə olunmasına yeni yanaşmaların tətbiqi zəruridir - İlham Bayramov

İqtisadiyyat Materials 16 İyun 2026 12:17 (UTC +04:00)
Su resurslarının idarə olunmasına yeni yanaşmaların tətbiqi zəruridir - İlham Bayramov
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Qlobal iqlim dəyişiklikləri, yağıntıların qeyri-sabit xarakter alması və mövcud su ehtiyatlarına artan tələbat su resurslarının idarə olunmasına yeni yanaşmaların tətbiqini zəruri edir.

Trend-in Qarabağ bürosu xəbər verir ki, bunu ADSEA-ın sədr müavini İlham Bayramov Ağcabədi rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsinə həsr olunmuş Qarabağ iqtisadi rayonu üzrə regional müşavirədə deyib.

İ.Bayramov qeyd edib ki, Azərbaycanın sosial-iqtisadi inkişafında içməli və suvarma suyuna artan tələbatın ödənilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən olub:

"Prezident İlham Əliyevin bilavasitə təşəbbüsləri ilə son 20 ildə bu sahəyə əhəmiyyətli həcmdə dövlət vəsaiti yönəldilmiş, infrastruktur genişləndirilmiş və su ehtiyatlarının artırılması istiqamətində mühüm işlər görülüb. Hazırda regionun su təminatında mühüm rol oynayan əsas su təsərrüfatı obyektləri sırasında Qarabağ suvarma kanalı, Baş Mil kanalı, Yuxarı Mil kanalı və Tərtərçay suvarma sistemi xüsusi əhəmiyyətə malikdir. Bu mənbələrdən və mövcud suvarma şəbəkələrindən səmərəli istifadə olunması Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonları da daxil olmaqla geniş ərazilərdə dayanıqlı su təminatı olan suvarma sahələrinin qorunmasına və kənd təsərrüfatı istehsalının davamlı inkişafına mühüm imkan yaradır. Bu baxımdan suvarma şəbəkələrinin istismar vəziyyətinin yaxşılaşdırılması, kanalların yenidən qurulması və təmiri, su itkilərinin azaldılması və suvarma suyunun əkin sahələrinə vaxtında çatdırılması Qarabağ iqtisadi rayonunun aqrar potensialının daha səmərəli reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır".

Onun sözlərinə görə, Qarabağ iqtisadi rayonu ölkəmizin aqrar inkişafında mühüm potensiala malik olan, taxılçılıq, pambıqçılıq, heyvandarlıq, quşçuluq, çoxillik əkinlər və həyətyanı təsərrüfatlar üzrə istehsal imkanları ilə seçilən regionlardan biridir. Bu potensialın tam reallaşdırılması isə ilk növbədə etibarlı və dayanıqlı su təminatından asılıdı:

"Suvarma infrastrukturu barədə məlumatların Coğrafi İnformasiya Sistemlərinə və elektron idarəetmə platformalarına inteqrasiyası hər bir rayon üzrə real su balansının müəyyənləşdirilməsinə, suvarma planlamasının optimallaşdırılmasına, meliorativ vəziyyətin operativ idarə olunmasına və suvarma qrafikinin səmərəli fəaliyyətinə imkan verir. Son mərhələdə suyun fermerlər arasında bölgüsü məhz Su İstifadəçiləri Birlikləri tərəfindən həyata keçirilir. Bu baxımdan SİB-lər fəaliyyətlərini şəffaf, məsuliyyətli və ədalətli əsaslarla qurmalı, suyun fermerlərə vaxtında və düzgün paylanmasını təmin etməlidirlər. Məhz bu göstəricilər bir daha sübut edir ki, kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir".

Xəbər lenti

Xəbər lenti