Ağcabədi.Trend:
Qarabağ iqtisadi rayonunda cari il ərzində 249 min hektardan çox əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi planlaşdırılır.
Trend-in Qarabağ bürosunun məlumatına görə, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov Ağcabədi rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsinə həsr olunmuş Qarabağ iqtisadi rayonu üzrə regional müşavirədə deyib.
Onun sözlərinə görə, Agentliyin xidmət göstərdiyi ərazilərdə hazırda 249 307 hektar suvarılan sahə mövcuddur və həmin sahələr üçün bu il ümumilikdə 1 milyard 277,651 milyon kubmetr suvarma suyunun təmin olunması nəzərdə tutulur.
"Ayrılacaq suyun 62,7 faizi dənli və yem bitkilərinin, 37,3 faizi isə pambıqçılıq, bostançılıq, tərəvəzçilik, çoxillik əkinlər və həyətyanı sahələrin su təminatına yönəldiləcək.
Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarında ümumi uzunluğu 5272 kilometr olan suvarma infrastrukturu fəaliyyət göstərir. Həmin ərazilərdə 29 Su İstifadəçiləri Birliyi fəaliyyət göstərir və bu birliklər 249 870 hektar xidməti ərazini əhatə etməklə 256 kənd üzrə 78 147 su istifadəçisinə xidmət göstərir.
Dövlət tərəfindən su ehtiyatlarının formalaşdırılması, su infrastrukturunun qurulması və suvarma suyunun əkin sahələrinə çatdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir",-deyə o bildirib.
