PAŞA Bank IPO-su üzrə abunə yazılışı 20 mindən artıq sifarişlə başa çatıb

İqtisadiyyat Materials 16 İyun 2026 14:23 (UTC +04:00)
PAŞA Bank IPO-su üzrə abunə yazılışı 20 mindən artıq sifarişlə başa çatıb

Bakı. Trend:

PAŞA Kapital-ın əsas anderrayterliyi ilə ölkənin ilk korporativ İlkin Kütləvi Təklifi (IPO) – PAŞA Bank səhmləri üzrə abunə yazılışı 12 iyun 2026-cı il tarixində yekunlaşıb.

13 aprel 2026-cı il tarixində abunə yazılışına start verilən PAŞA Bank IPO-su investorlar tərəfindən yüksək maraqla qarşılanıb. Bank kapitalının 5%-ni təşkil edən səhmlər üzrə ilk ayda 12 mindən artıq sifariş qeydə alınıb.

Ümumilikdə isə abunə yazılışı müddəti ərzində investorlar tərəfindən 20 mindən artıq sifariş təqdim olunub. 12 iyun 2026-cı il tarixində yekunlaşan IPO üzrə formalaşan tələb, təklif olunan səhmlərin həcmini üstələyib.

Qeyd edək ki, IPO çərçivəsində 932 926 ədəd adi adlı səhm investorlara təklif olunub. Emissiya şərtlərinə əsasən bir səhmin yerləşdirmə qiyməti 55 AZN, minimum alış həcmi isə 1 səhm təşkil edib.

Abunə yazılışının yekun nəticələri emissiya prospektinə və qanunvericiliyin tələblərinə uyğun olaraq növbəti həftələr ərzində rəsmiləşdiriləcək. Təsdiqlənmiş sifarişlər əsasında səhmlərin investorlar arasında bölgüsü həyata keçiriləcək.

Yerli kapital bazarlarının tarixi hadisəsi hesab olunan PAŞA Bank IPO-su investorların kapital bazarlarına artan marağını bir daha nümayiş etdirib. Layihə, eyni zamanda, ölkədə korporativ qiymətli kağızlar bazarının inkişafı, investor bazasının genişlənməsi və yeni investisiya alətlərinə çıxış imkanlarının artırılması istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilir.

PAŞA Kapital İnvestisiya Şirkətinin xidmət və məhsulları haqqında daha ətraflı məlumat üçün pashacapital.az saytına və ya 1548 qısa nömrəli Çağrı Mərkəzinə müraciət etməyiniz mümkündür.

Xəbər lenti

Xəbər lenti