Bakı. Trend:
Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) növbəti beş il ərzində kreditləşmə həcmini iki dəfə artırmağı planlaşdırır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə AİİB-in vitse-prezidenti Şerard Kuper-Koulz Bakı şəhərində keçirilən İslam İnkişaf Bankı Qrupunun (İİB) İllik Toplantısı çərçivəsində 8-ci Dayanıqlı İnkişaf Məqsədləri dialoqunda – “Ənənəvi xarici yardım və rəsmi inkişaf yardımından kənara çıxan innovativ davamlı inkişaf maliyyələşməsi” mövzusunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, növbəti beş il ərzində kreditləşmə həcmini iki dəfə artırmaq planlaşdırılır.
"Ötən il maliyyələşdirməmizin 70 faizi "yaşıl" layihələrə yönəlib. Bankın 111 üzv ölkəsi var və Afrika və Latın Amerikasından bir sıra ölkələr də üzvlüyə qoşulmaq istəyir. Bizim məqsədimiz Asiyanı həm öz daxilində, həm də dünya ilə birləşdirməkdir.”
Onun sözlərinə görə, inkişaf üçün innovasiyaların tətbiqi, qarışıq maliyyələşmə mexanizmlərindən istifadə, özəl kapitalın səfərbər edilməsi və rəqəmsal maliyyə alətlərinin genişləndirilməsi vacibdir.
“Unutmamalıyıq ki, infrastruktur təkcə beton, yollar, limanlar və körpülər deyil. Bu həm də rəqəmsal infrastruktur, səhiyyə və təhsil infrastrukturu, müasir iqtisadiyyatın və inkişaf etmiş cəmiyyətin fəaliyyətini təmin edən sistemlərdir,” – deyə Kuper-Koulz vurğulayıb.
