Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) dayanıqlı, inklüziv və “yaşıl” maliyyə ekosisteminin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə AMB-nin baş direktoru Şahin Mahmudzadə Bakı şəhərində keçirilən İslam İnkişaf Bankı Qrupunun (İİB) İllik Toplantısı çərçivəsində 8-ci Dayanıqlı İnkişaf Məqsədləri dialoqunda - “Ənənəvi xarici yardım və rəsmi inkişaf yardımından kənara çıxan innovativ davamlı inkişaf maliyyələşməsi” mövzusunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank ölkənin maliyyə “meqa-tənzimləyicisi” kimi dayanıqlı, inklüziv və yaşıl maliyyənin inkişafı üçün əlverişli ekosistem yaradır.
“Bu gün biz davamlı və inklüziv inkişafın təmin olunmasında maliyyənin necə katalizator rol oynaya biləcəyini müzakirə etmək üçün unikal imkana sahibik. Mövcud çağırışların aktuallığı bütün sektorlar üzrə koordinasiyalı fəaliyyət tələb edir və maliyyə bu prosesdə əsas rol oynayır,” – deyə o bildirib.
Ş.Mahmudzadə vurğulayıb ki, AMB dayanıqlı maliyyə sisteminə keçidi sistemli yanaşma ilə həyata keçirir.
"Bu istiqamətdə əsas addım 2023-cü ildə Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsinin hazırlanması olub. Sənəd yaşıl maliyyənin inkişafı, bazar iştirakçıları ilə əməkdaşlıq və maliyyə institutlarının daha “yaşıl” iqtisadiyyata hazırlaşdırılmasını nəzərdə tutur. Siyasətin əsas istiqamətləri dörd hissədən ibarətdir: maliyyə institutlarının potensialının gücləndirilməsi (insan resursları və rəqəmsal infrastruktur daxil olmaqla), tənzimləyici boşluqların aradan qaldırılması, ESG faktorlarının risk idarəetməsinə inteqrasiyası və şəffaflığın artırılması ilə bazar intizamının təmin edilməsi. ESG faktorları ənənəvi maliyyə risklərindən fərqli olaraq transsərhəd və sistem xarakterlidir, buna görə də onları milli sərhədlərlə məhdudlaşdırmaq çətindir,” – deyə o vurğulayıb.
