İxrac rəsmiləşdirilmə xərclərinə görə sahibkarlara kompensasiya ödəniləcək - Fərman

Siyasət Materials 16 İyun 2026 13:44 (UTC +04:00)
İxrac rəsmiləşdirilmə xərclərinə görə sahibkarlara kompensasiya ödəniləcək - Fərman
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının ixrac gömrük proseduru altında yerləşdirilməsi zamanı mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçılar tərəfindən ödənilmiş gömrük rəsmiləşdirilməsi üzrə gömrük yığımlarına görə, həmin malların növündən və ixrac olunduğu ölkədən asılı olaraq, habelə bir ixrac gömrük bəyannaməsi üzrə ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin yuxarı həddi nəzərə alınmaqla, dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya (bundan sonra – ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi) ödəniləcək.

Bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft-qaz mallarının ixracının dəstəklənməsi məqsədilə imzaladığı Fərmanda əksini tapıb.

Fərmana əsasən,

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi rüb ərzində ixrac gömrük proseduru altında yerləşdirilmiş Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarına görə mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçının müraciəti əsasında həmin rüb bitdikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək.

Fərmanın məqsədləri üçün ixrac olunan malların Azərbaycan Respublikası mənşəli olması mənşə sertifikatı əsasında müəyyən edilir. İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi faktiki ixrac olunmuş mallara görə ödənilir. İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin tətbiq olunduğu müddətdə qeyri-neft-qaz mallarının ixracına münasibətdə gömrük nəzarətinin həyata keçirilməsinə, gömrük müşayiətinə və malların saxlancına görə gömrük yığımlarının məbləğinin artırılmasına yol verilmir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin 2026-cı ildə ödənilməsinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Həmçinin 2027–2031-ci illərdə ödənilməsinin maliyyələşdirilməsi üçün zəruri vəsaitin həmin illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etməlidir.

Bundan başqa şamil olunmadığı əməliyyatların və şəxslərin siyahısını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla aşağıdakı normativ hüquqi aktları üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir:

  • ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac edildiyi ölkələrin (ölkə qruplarının) siyahısını;
  • bir ixrac gömrük bəyannaməsi üzrə ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin yuxarı həddini;
  • ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması qaydasını;
  • bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

Fərman 2026-cı il sentyabrın 1-dən qüvvəyə minir və 2031-ci il sentyabrın 30-dək həyata keçiriləcək ixrac əməliyyatlarına münasibətdə tətbiq olunmaqla 2031-ci il dekabrın 31-dək qüvvədədir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti