Bakı. Trend:
Regional əməkdaşlıq investisiya layihələrini daha rəqabətqabiliyyətli edir.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Azərbaycan-Özbəkistan birgə investisiya şirkətinin Baş direktoru Nazim Hacıyev Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən “Azərbaycan investisiya perspektivləri forumu 2026” tədbirində deyib.
O qeyd edib ki, müasir investisiya yanaşması artıq təkcə bir ölkənin cəlbediciliyi ilə məhdudlaşmır, eyni layihə vasitəsilə bir neçə bazara çıxış imkanı daha ön plana keçir. Onun sözlərinə görə, investorlar üçün əsas sual “bu ölkə cəlbedicidirmi?” deyil, “bu layihə eyni vaxtda bir neçə bazara xidmət göstərə və sərhədlərarası dəyər yarada bilirmi?” şəklində formalaşır.
Nazim Hacıyev vurğulayıb ki, regionda, xüsusilə Qafqaz və Mərkəzi Asiya arasında bu istiqamətdə mühüm dinamika müşahidə olunur. "Azərbaycan və Özbəkistan bu baxımdan yaxşı nümunədir: ayrı-ayrılıqda hər iki ölkə geniş investisiya imkanları təqdim etsə də, birlikdə sənaye əməkdaşlığı və ticarət-investisiya əlaqələri sayəsində əlavə dəyər yaradır.
Onun sözlərinə görə, bu model praktik olaraq onu göstərir ki, “1+1 təkcə 2 deyil, 2,5-dir”, yəni əməkdaşlıq sinerji effekti yaradaraq daha yüksək nəticələrə gətirib çıxarır", - o bildirib.
O qeyd edib ki, regional inteqrasiya əsas etibarilə investisiya baxımından cəlbedici, sərhədlərarası layihələrin inkişafına xidmət edir və investorlar üçün əsas məqsəd uğurlu layihələrin reallaşdırılmasıdır. Onun sözlərinə görə, regional əməkdaşlıq investisiya layihələrini daha rəqabətqabiliyyətli edir.
Nazim Hacıyev vurğulayıb ki, bunun ən tipik nümunələrindən biri
nəqliyyat dəhlizləridir: "Belə layihələr logistika xərclərini
azaldır, eyni zamanda şirkətlərə bir neçə ölkənin bazarına daha
asan və daha ucuz çıxış imkanı yaradır.
Bu proses nəticəsində regionda elə layihələr formalaşır ki, xammal
bir ölkədən tədarük edilir, istehsal başqa ölkədə həyata keçirilir,
hazır məhsul isə bütün region üzrə satışa çıxarılır. Bu cür
layihələr daha çox investor cəlb edir, çünki onlar tək bir ölkədən
asılı olmur və regional inteqrasiyanın verdiyi üstünlüklər olmadan
bu imkanların reallaşdırılması mümkün deyil".
