Əcnəbilər üçün sadələşdirilmiş mülkiyyət qeydiyyatı investisiya mühitini yaxşılaşdıra bilər - Cəlal Qasımov

İqtisadiyyat Materials 16 İyun 2026 15:32 (UTC +04:00)
Əcnəbilər üçün sadələşdirilmiş mülkiyyət qeydiyyatı investisiya mühitini yaxşılaşdıra bilər - Cəlal Qasımov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Əcnəbilər üçün uzunmüddətli viza və sadələşdirilmiş mülkiyyət qeydiyyatı investisiya mühitini yaxşılaşdıra bilər.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu "PAŞA Holdinq"in baş icraçı direktoru Cəlal Qasımov Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən "Azərbaycan investisiya perspektivləri forumu 2026" tədbirində deyib.

C. Qasımov bildirib ki, daşınmaz əmlak layihələri təkcə ayrıca bina və ya kvadratmetr satışı üzərində qurulmamalıdır, əksinə, əsas yanaşma "həyat tərzi" konsepsiyası olmalıdır. Onun sözlərinə görə, bir çox hallarda yerli "developer"lər tikinti tamamlandıqdan sonra mənzilləri satmaqla kifayətlənir, kommersiya sahələri isə ikinci dərəcəli məhsul kimi qalır: "Müasir yanaşma "qarışıq istifadə" (mixed-use) modelidir və burada restoranlar, kafelər, ticarət mərkəzləri və digər kommersiya obyektləri vahid yaşayış mühitinin tərkib hissəsi kimi formalaşır. Bu modeldə əsas məhsul kvadratmetr deyil, bütöv həyat tərzidir və alıcılar da məhz bu təcrübəni əldə edirlər".

Baş icraçı direktor əlavə edib ki, düzgün planlaşdırılmış layihələrdə dəyər artımı baş verir və bu da investorlara əlavə üstünlük qazandırır: "Əmlak dəyərinin artması həm biznes subyektləri üçün əlavə girov imkanları yaradır, həm də fərdi investorların sərvət artımına və nəticə etibarilə istehlakın genişlənməsinə təsir göstərir. Brendli yaşayış layihələri xarici investisiyaların cəlbi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu cür layihələr daha çox xarici investorları cəlb edir və ölkəyə kapital axınını gücləndirir".

O həmçinin qeyd edib ki, bu istiqamətdə dövlət dəstəyi də vacibdir. C. Qasımovun sözlərinə görə, daşınmaz əmlak alan əcnəbilər üçün uzunmüddətli viza rejimlərinin tətbiqi, eləcə də mülkiyyət qeydiyyatının daha sadələşdirilmiş və şəffaf sistemlə həyata keçirilməsi investisiya mühitini daha da yaxşılaşdıra bilər.

Onun fikrincə, bu cür islahatlar həyata keçirildiyi halda daşınmaz əmlak sektorunun iqtisadiyyata təsiri daha geniş miqyas alar və multiplikativ effekt yaradar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti