SOCAR "yaşıl hidrogen" layihələrinə daxil olmağı planlaşdırır - Əfqan İsayev

İqtisadiyyat Materials 16 İyun 2026 16:42 (UTC +04:00)
SOCAR "yaşıl hidrogen" layihələrinə daxil olmağı planlaşdırır - Əfqan İsayev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın enerji gələcəyi diversifikasiya üzərində qurulub və ölkə tədricən ənənəvi neft-qaz modelindən balanslaşdırılmış enerji portfelinə keçid edir.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Bakıda İnvestisiya Perspektivləri Forumu çərçivəsində keçirilən “Azərbaycanın yaşıl keçidinin gücləndirilməsi: bərpa olunan enerji etibarlı investisiya imkanı kimi” panel müzakirəsində deyib.

Onun sözlərinə görə, SOCAR 2023-cü ildən etibarən strategiyasında əsaslı dəyişiklik edərək enerji keçidini prioritet istiqamət kimi müəyyən edib.

“Azərbaycanın enerji gələcəyini bir sözlə ifadə etsək, bu, diversifikasiyadır. Biz əvvəllər klassik neft və qaz şirkəti idik, lakin 2023-cü ildə strategiyamızı tamamilə dəyişdik və enerji qarışımımıza yeni elementlər əlavə etdik”, - deyə o bildirib.

Ə.İsayev qeyd edib ki, Azərbaycanın 2030-cu il hədəflərinə əsasən, enerji balansında bərpa olunan mənbələrin payının 30 faizə çatdırılması nəzərdə tutulur və mövcud dinamika bu göstəricinin hətta 34–38 faiz səviyyəsinə yüksələ biləcəyini göstərir.

“Biz neft və qaz ixrac edən etibarlı ölkə statusundan imtina etmirik, sadəcə bu modelin üzərinə yeni enerji mənbələri əlavə edirik. Bu, ideoloji deyil, iqtisadi baxımdan imkan yaradan bir transformasiyadır”, - deyə SOCAR rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, bərpa olunan enerji potensialının artırılması ölkəyə əlavə qaz resurslarına qənaət etməyə və həmin resursları regional və Avropa bazarlarına yönəltməyə imkan verir.

Ə.İsayev əlavə edib ki, orta müddətli perspektivdə SOCAR aşağı karbonlu enerji sahələrinə, o cümlədən yaşıl hidrogen və yaşıl ammonyak layihələrinə daxil olmağı planlaşdırır. Lakin bu sahədə iqtisadi səmərəlilik üçün hələ də miqyas iqtisadiyyatının vacib olduğu qeyd edilib.

“Texnologiyalar sürətlə ucuzlaşır və günəş panelləri, külək turbinləri və elektroliz avadanlıqlarında olduğu kimi, yaxın illərdə bu sahədə də xərclərin azalacağını gözləyirik”, - deyə o bildirib.

SOCAR vitse-prezidenti qeyd edib ki, şirkət 2035-ci ilə qədər balanslaşdırılmış portfelə malik enerji şirkətinə çevrilməyi, 2050-ci ilədək isə xalis sıfır emissiya hədəfinə çatmağı planlaşdırır.

O, SOCAR-ın bu məqsədlərə çatmaq üçün üç əsas istiqamət üzrə fəaliyyət göstərdiyini bildirib: dekarbonizasiya layihələri, təşkilati transformasiya və aşağı karbonlu bizneslərin inkişafı.

“2024-cü ilin martında SOCAR Green Company yaradılıb. Bu qurum enerji səmərəliliyi və aşağı karbonlu layihələrin sürətləndirilməsi üçün fəaliyyət göstərir”, - deyə Ə.İsayev qeyd edib.

Onun sözlərinə görə, SOCAR həmçinin beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirir və bu çərçivədə Masdar, ACWA Power, PowerChina və digər şirkətlərlə birgə layihələr həyata keçirir.

Ə.İsayev əlavə edib ki, artan enerji tələbatı, xüsusilə data mərkəzləri və süni intellekt texnologiyalarının inkişafı fonunda yeni enerji həllərinə ehtiyacı daha da artırır.

“Biz həmçinin qazdan elektrik enerjisi istehsalı layihələrini genişləndiririk. Naxçıvanda layihələrə start verilib, Türkiyədə 870 meqavatlıq generasiya gücü əldə olunub, Serbiyada isə 500 meqavat gücündə yeni CCGT stansiyasının inkişafı davam edir”, - deyə SOCAR vitse-prezidenti bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti