Bakı. Trend:
Günvurma yay aylarında ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Xüsusilə açıq havada uzun müddət günəş altında qalmaq orqanizmin həddindən artıq qızmasına səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, günvurmanın qarşısını almaq üçün sadə qaydalara əməl etmək və ilk əlamətləri vaxtında tanımaq böyük əhəmiyyət daşıyır.
Lökbatan Tibb Mərkəzi Təcili Təxirə Salınmaz Tibbi yardım şöbəsinin həkimi Şəfa Əliyeva Trend-ə açıqlamasında bildirib ki, günvurma insanın uzun müddət birbaşa günəş şüalarının təsiri altında qalması nəticəsində bədən temperaturunun həddindən artıq yüksəlməsi ilə yaranan ciddi vəziyyətdir. Həkimin sözlərinə görə, bu zaman orqanizmin istilik tənzimləmə mexanizmi pozulur, su-duz balansı dəyişir, beyin, ürək və digər həyati vacib orqanların fəaliyyəti zədələnə bilər.
Həkim qeyd edib ki, günvurma günəş şüalarının ən güclü olduğu saatlarda - təxminən saat 11:00-dan 17:00-dək müşahidə olunur. Bu vaxtlarda açıq havada uzun müddət qalmaq xüsusilə təhlükəlidir.
Şəfa Əliyeva günəş şüalarının orqanizmə faydalarına da diqqət çəkib:
"Günəş şüaları orqanizmdə D vitamininin sintezini təmin edir, sümük sağlamlığını dəstəkləyir və immun sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Lakin həddindən artıq günəşlənmə günvurma, susuzlaşma, dəri yanıqları, dərinin vaxtından əvvəl qocalması və dəri xərçəngi riskinin artmasına səbəb ola bilər".
Həkim bildirib ki, təhlükəsiz günəşlənmə üçün səhər saat 10:00-a qədər və axşam 17:00-dan sonra açıq havada olmaq daha məqsədəuyğundur. Günəş altında qalma müddəti tədricən artırılmalı, kölgədə dincəlmək və qoruyucu vasitələrdən istifadə edilməlidir.
"Günəş altında olarkən açıq rəngli, yüngül və hava keçirən geyimlər seçilməli, baş örtüyündən istifadə edilməlidir. Gün ərzində kifayət qədər su qəbul edilməli, alkoqollu və həddindən artıq şəkərli içkilərdən uzaq durulmalıdır. Yüngül və asan həzm olunan qidalara üstünlük verilməsi tövsiyə olunur".
Həkim günvurma ilə bağlı risk qrupuna aid olan şəxslər barədə də məlumat verib. O qeyd edib ki, kiçik yaşlı uşaqlar, yaşlı insanlar, hamilələr və ürək-damar, şəkərli diabet kimi xroniki xəstəlikləri olan şəxslər daha yüksək risk qrupuna daxildirlər. Bu insanlarda orqanizmin istiliyi tənzimləmə qabiliyyəti zəif olduğundan günvurma daha tez inkişaf edə bilər.

Şəfa Əliyevanın sözlərinə görə, günvurmanın ilkin əlamətləri baş ağrısı, halsızlıq, başgicəllənmə, ürəkbulanma, çox tərləmə, susuzluq hissi və ümumi zəiflikdir. Huşun pozulması, qıcolma, yüksək hərarət, nəfəs darlığı və ya huşun itməsi isə təhlükəli əlamətlər sayılır və təcili tibbi yardım tələb edir.
Günvurma zamanı ilk yardım üçün isə zərərçəkən dərhal kölgə və ya sərin yerə aparılmalıdır. Sıx geyimlər boşaldılmalı, bədən sərin su ilə silinməli və ya soyuq kompres tətbiq edilməlidir. Şəxs huşu yerindədirsə, ona kiçik qurtumlarla sərin su verilməlidir. Huşsuz şəxsə ağızdan heç nə verilməməlidir.
"Huşun itməsi, qıcolma, bədən temperaturunun 40°C və daha yüksək olması, güclü nəfəs darlığı, sinə ağrısı, qusmanın davam etməsi və ya vəziyyətin qısa müddətdə yaxşılaşmaması hallarında təcili tibbi yardım çağırılmalıdır".
Həkim yay aylarında günvurmanın qarşısını almaq üçün tövsiyyələr də edib. O bildirib ki, yayın isti günlərində günəşin ən güclü olduğu saatlarda açıq havada uzun müddət qalmamaq, bol maye qəbul etmək, baş örtüyü və açıq rəngli geyimlərdən istifadə etmək, uşaqları və yaşlıları birbaşa günəş altında saxlamamaq əsas profilaktik tədbirlərdir. Özünü pis hiss edən şəxs dərhal kölgəyə çəkilməli və lazım gəldikdə tibbi yardım üçün müraciət etməlidir.
