Bakı.Trend:
Azərbaycanda islam maliyyəsinin perspektivlərinin müzakirəsi ölkənin bu sahəyə artan marağını və onun daha geniş iqtisadi artımın, eləcə də dayanıqlı rifahın təmin olunmasındakı potensialını əks etdirir.
Trend-in tədbirdən olan müxbirinin məlumatına görə, bunu İslam İnkişaf Bankı Qrupunun Özəl Sektor üzrə 14-cü Forumunda Beynəlxalq İslam Ticarət Maliyyələşdirmə Korporasiyasının (ITFC) baş icraçı direktoru Adeeb Alama bildirib.
Onun sözlərinə görə, islam maliyyəsi maliyyə fəaliyyətini real iqtisadiyyat, ümumi rifah və sosial firavanlıqla əlaqələndirən dəyərlərə əsaslanan inkişaf modelidir.
“İslam maliyyəsinin prinsipləri ədalət, risklərin bölüşdürülməsi, aktivlərlə təminat, etik investisiyalar və sosial həmrəylik anlayışlarına dərindən bağlıdır”, — deyə A.Alama bildirib.
O qeyd edib ki, bu prinsiplər yalnız islam maliyyəsi üçün deyil, həm də qlobal inkişaf gündəliyi üçün aktualdır.
ITFC rəhbəri bildirib ki, dünyanın bir çox ölkələrində, o cümlədən İslam İnkişaf Bankına üzv dövlətlərdə iqtisadi parçalanma, xarici şoklara həssaslıq, ərzaq və enerji sabitliyinin pozulması, borc yükünün artması, inklüziv və dayanıqlı inkişaf üçün məhdudiyyətlər kimi mürəkkəb çağırışlar qalmaqdadır.
Adeeb Alama vurğulayıb ki, bu yanaşma İslam İnkişaf Bankı Qrupunun 2026–2035-ci illər üzrə yeni onillik strateji çərçivə proqramına uyğundur.
Onun sözlərinə görə, dayanıqlı rifah iqtisadiyyatların məhsuldarlığının və dayanıqlığının gücləndirilməsindən, insan ləyaqətinin qorunmasından və iqtisadi imkanlarda inklüziv iştirakın təmin olunmasından asılıdır.
“İslam İnkişaf Bankı Qrupunun baxışına görə, islam maliyyəsinin rolu maliyyə vasitəçiliyindən xeyli kənara çıxır. Söhbət dayanıqlığın gücləndirilməsindən, regional inteqrasiyanın inkişaf etdirilməsindən, uzunmüddətli inkişaf maliyyəsinin səfərbər olunmasından və daha inklüziv, daha ədalətli iqtisadi sistemlərin təşviqindən gedir”, — deyə o qeyd edib.
A.Alama həmçinin bildirib ki, ticarət iqtisadi transformasiyanın, iş yerlərinin yaradılmasının, ərzaq təhlükəsizliyinin təmin edilməsinin və regional qarşılıqlı əlaqələrin gücləndirilməsinin əsas amillərindən biri olaraq qalır.
Onun sözlərinə görə, ticarətin dayanıqlı şəkildə genişlənməsi sabit, inklüziv və inkişafa yönəlmiş maliyyə ekosistemləri tələb edir.
“Məhz bu məqamda islam maliyyəsi mühüm strateji potensiala malikdir”, — deyə o bildirib.
