İİB Özəl Sektor Forumunda 4,7 milyard dollardan çox dəyərdə 32-dən artıq sənəd imzalanacaq - Nazir

İqtisadiyyat Materials 17 İyun 2026 10:18 (UTC +04:00)
İİB Özəl Sektor Forumunda 4,7 milyard dollardan çox dəyərdə 32-dən artıq sənəd imzalanacaq - Nazir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Əldə etdiyimiz son məlumata əsasən, forum çərçivəsində ümumi dəyəri 4,7 milyard ABŞ dollarını aşan 32-dən çox sənədin, o cümlədən Anlaşma Memorandumlarının imzalanmasının şahidi olacağıq.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısının ikinci günü çərçivəsində keçirilən “Özəl Sektor Forumu 2026: Açılış Mərasimi”ndə deyib.

Nazir bildirib ki, builki İllik Toplantının “Davamlı rifah naminə regional inteqrasiya” mövzusu müasir dövrün çağırışları baxımından xüsusi aktuallıq daşıyır.
“Çıxışıma Bankın prezidenti doktor Məhəmməd Əl-Casirə təşəkkürümü ifadə etməklə başlamaq istərdim. Onun Banka uzaqgörən rəhbərliyi və İslam İnkişaf Bankı ailəsinə daxil olan bütün qurumlarla qurduğumuz yüksək səviyyəli əməkdaşlıq xüsusi qeyd olunmalıdır. Həmçinin bu ilki İllik Toplantıya ev sahibliyinin Azərbaycana etibar edilməsinə görə həmkarlarıma və digər üzv ölkələrin rəhbərlərinə minnətdarlığımı bildirirəm. Biz məhsuldar müzakirələrə və əhəmiyyətli nəticələrə nail olacağımıza inanırıq”, – deyə o vurğulayıb.

M.Cabbarov qeyd edib ki, davamlı rifahın təmin olunması üçün nəqliyyat və iqtisadi əlaqələrin gücləndirilməsi, ticarət və investisiya əməkdaşlığının dərinləşdirilməsi, eləcə də hökumətlər, inkişaf institutları, özəl sektor və digər tərəfdaşlar arasında sıx əməkdaşlıq vacibdir.

Nazirin sözlərinə görə, ötən il keçirilən forum bu platformanın böyük potensiala malik olduğunu nümayiş etdirib:

“Ötən forum çərçivəsində ümumi dəyəri 3,6 milyard ABŞ dollarından çox olan sazişlər imzalanıb. Bu ilki İllik Toplantıya hazırlıq prosesinə başladığımız gündən etibarən İslam İnkişaf Bankı və Azərbaycan tərəfinin birgə komandası özəl sektor forumunun təşkilində sıx əməkdaşlıq edib. Məqsədimiz yalnız imzalanacaq müqavilələrin və həyata keçiriləcək sövdələşmələrin həcmini artırmaq deyil, daha önəmlisi, onların real təsirini və nəticəyönümlülüyünü təmin etməkdir”.

M.Cabbarov forumda rekord sayda iştirakçının qeydiyyatdan keçdiyini vurğulayaraq bunun tədbirə olan yüksək marağın və onun aktuallığının göstəricisi olduğunu bildirib.

“Əldə etdiyimiz son məlumata əsasən, forum çərçivəsində ümumi dəyəri 4,7 milyard ABŞ dollarını aşan 32-dən çox sənədin, o cümlədən Anlaşma Memorandumlarının imzalanmasının şahidi olacağıq. Bu, ötən ilin göstəricilərini üstələyən mühüm nəticədir”, – deyə nazir qeyd edib.

Sonda M.Cabbarov Özəl Sektor Forumunun hazırlanmasında iştirak edən bütün komandaya təşəkkürünü ifadə edib və onların əməyi nəticəsində tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti