Regional inteqrasiya və PPP mexanizmləri banklaşdırıla bilən layihələrin əsas şərtidir - Fərid Məmmədov

Maliyyə Materials 17 İyun 2026 11:23 (UTC +04:00)
Regional inteqrasiya və PPP mexanizmləri banklaşdırıla bilən layihələrin əsas şərtidir - Fərid Məmmədov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Regional inteqrasiya və PPP mexanizmləri banklaşdırıla bilən layihələrin əsas şərtidir.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu PAŞA Maliyyə Holdinqin Baş İcraçı direktoru (CEO) Fərid Məmmədov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (İİB) 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunan “Regional inteqrasiyanı investisiya üçün cəlbedici edən CEO sessiyası: ticarətin təşviqi, investisiyaların səfərbər edilməsi və artımın sistemli şəkildə risklərinin azaldılması” panelində deyib.

O, PAŞA Maliyyə Holdinqin Azərbaycanın aparıcı bank və sığorta institutlarında, eləcə də Gürcüstan və Türkiyədə fəaliyyət göstərən banklarda iştirakı barədə məlumat verərək, 2013-cü ildən etibarən regionda formalaşan “ticarət üçbucağı” konsepsiyasının şirkətin əsas fəaliyyət istiqamətlərindən birinə çevrildiyini bildirib.

Fərid Məmmədov çıxışında qeyd edib ki, şirkətin məqsədi inteqrasiya olunmuş ticarət və maliyyə həllərinin formalaşdırılmasıdır:

“2013-cü ildə Türkiyə və Gürcüstana daxil olduğumuzdan, 2014-cü ildə Türkiyədə bank açdığımızdan sonra biz regionda ‘ticarət üçbucağı’ adlandırdığımız yanaşmanı formalaşdırdıq. Regional inteqrasiya və inteqrə olunmuş ticarət həllərinin yaradılması bizim gündəlik fəaliyyətimizin əsas hissəsidir".

CEO-nun sözlərinə görə, layihələrin real olaraq banklaşdırıla və icra edilə bilməsi üçün bir neçə əsas şərt mövcuddur. Onun fikrincə, ilk növbədə real fizibiliti təmin edilməlidir: “Bizim əsas rolumuz regional oyunçular və yerli banklar olaraq layihələrə yalnız strateji deyil, həm də kommersiya və maliyyə baxımından real fizibiliti verməkdir. Bu yanaşma ölkələrin qanunvericiliyi və iqtisadi reallıqları ilə uyğun olmalıdır".

Fərid Məmmədov regional layihələrin effektivliyi üçün harmonizasiyanın vacibliyini də vurğulayıb:

“Əgər regionda yük maşını hər sərhəddə dayanırsa, bu artıq inteqrasiya olunmuş layihə deyil, sadəcə bir neçə ayrı layihənin birləşməsidir".

O, bu kontekstdə PAŞA Maliyyə Holdinqin Türkiyənin “Trendyol” e-ticarət platforması ilə birgə həyata keçirdiyi layihəyə də toxunub. Bildirib ki, Azərbaycan İqtisadiyyat Nazirliyi və Ələt Azad İqtisadi Zonası ilə birlikdə ölkələrarası ticarətin daha inteqrasiya olunmuş və harmonik marşrutlar üzərində qurulması istiqamətində iş aparılır.

Çıxışda risklərin düzgün bölüşdürülməsinin əhəmiyyəti də xüsusi qeyd olunub:

“Burada inkişaf maliyyə institutlarının (DFI) və çoxtərəfli inkişaf banklarının (MDB) rolu çox vacibdir. Onlar regional və yerli oyunçulara risklərin idarə olunmasında dəstək olmalıdır. Bəzi risklər bazarın ölçüsü ilə bağlı real məhdudiyyətlərdən, bəziləri isə sadəcə qavrayışdan yaranır".

Fərid Məmmədov həmçinin dövlət-özəl tərəfdaşlığı (PPP) çərçivəsinin əhəmiyyətinə toxunaraq bildirib ki, özəl sektor layihələrə artıq dizayn mərhələsindən qoşulmalıdır: “PPP çərçivəsi özəl sektorun layihələrə yalnız icra mərhələsində deyil, ilkin dizayn mərhələsindən cəlb olunmasını təmin etməlidir".

O əlavə edib ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin layihələri əvvəlcədən elan etməsi özəl sektorun prosesə erkən qoşulmasına imkan yaradır, eyni zamanda Azərbaycan Mərkəzi Bankının layihə maliyyələşdirilməsi çərçivəsi yerli banklara risklərin daha effektiv idarə olunması üçün əlavə imkanlar yaradır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti